[b]“Qarabağ” – 69-a son![/b]
01.08.2016 - 15:24
[b]“Qarabağ” – 69-a son![/b]

Çempionlar Liqasının III təsnifat mərhələsinin sabah baş tutacaq oyunu “Qarabağ”ın tarixində 70-ci avrokubok matçı olacaq. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisini Çexiyanın “Viktoriya” klubu ilə sabah Bakıda keçiriləcək cavab görüşünə qədər ağdamlılar qitə miqyaslı turnirlərdə 69 qarşılaşmaya çıxıb.

 

Əyalət təmsilçisi ilk avrokubok görüşünə 1996-cı il avqustun 8-də çıxıb. Finlandiya “MüPA”sı ilə Bakıdakı qarşılaşmada 0:1 hesabı ilə uduzan “Qarabağ” Plzen təmsilçisi ilə matçadək 25 qələbə qazanıb və 25 dəfə məğlub olub. Təmsilçimizin hesabında 19 heç-heçə var. 69 qarşılaşmada 65 qolun sevincini yaşayan komandamız 84-nü buraxıb.

 

“Qarabağ” qitə miqyaslı 4 turnirdə oynamış komandalardandı. Artıq tarixin yaddaşına köçən Kuboklar kubokunda da, İntertoto kubokunda da 4 matç keçirən Ağdam klubu əvvəl UEFA kuboku adlanan Avropa Liqasında 50 oyunda qüvvəsini sınayıb. Çempionlar Liqasındakı 12-ci sınaq isə ümumilikdə 70-ci görüş olacaq.