“Qarabağ”ın taleyi millimizi azlıqda qoyan hakimə tapşırıldı
05.12.2016 - 13:46
“Qarabağ”ın taleyi millimizi azlıqda qoyan hakimə tapşırıldı

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində keçiriləcək son oyununun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, VI turun “Fiorentina” ilə Bakıdakı görüşünü xorvatiyalı hakimlər briqadası idarə edəcək.

 

Dekabrın 8-dəki matçın baş hakimi İvan Bebek olacaq. Ona yan xətt hakimləri  Tomislav Petroviç və Miro Qrqiç kömək edəcəklər.

 

Matçın dördüncü hakimi Qoran Pataki olacaq. Görüşün əlavə köməkçi hakimləri kimi oyuna Ante Vuçemiloviç və Qoran Qabrilo təyinat alıblar.

 

Görüşün hakim-inspektoru ukraynalı Vasili Melniiçuk, UEFA nümayəndəsi avstriyalı Mixael Zoratti olacaq. Bu qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

Bu, 39 yaşlı Bebekin Azərbaycan komandaları ilə ilk görüşü olmayacaq. 2003-cü ildən FİFA referisi olan və beynəlxalq səviyyədə zəngin təcrübəyə malik xorvatiyalının təmsilçilərimizlə yollarının sonuncu kəsişməsi təxminən 1 il öncəyə təsadüf edib.

 

O, Avropa Liqasının ötən mövsümkü qrup mərhələsində “Qəbələ”nin Dortmund “Borussiya”sı ilə Bakıdakı görüşündə fit çalıb. Qonaqların 3:1 hesabı ilə qalib gəldiyi matçda Bebek hər komandaya 2 sarı vərəqə verib. Qəbələlilərin heyətində Samir Zərgərovla Vojislav Stankoviç cəzalanıb.

 

İlk dəfə 2005-ci ildə də ölkəmizə gələn balkanlı həmin vaxt Çempionlar Liqasının “Neftçi” – “Hafnarfyordur” (İslandiya) görüşündə fit çalıb. 11 il əvvəlki qarşılaşmada təmsilçimiz 2:0 hesabı ilə qalib gəlib. Referi bu oyunda bakılılara 1, islandiyalılara 2 sarı vərəqə verib.

 

2 il sonra AVRO-2008-in seçmə mərhələsinin Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan Azərbaycan – Portuqaliya matçında (0:2) da Bebek baş hakim olub. Millimizin kapitanı Aslan Kərimovu 27-ci dəqiqədə rəqib komandadakı həmkarı Kriştianu Ronaldonu dirsəyi ilə vurduğu üçün birbaşa qırmızı vərəqə göstərməklə meydandan qovan xorvatiyalı Saşa Yunisoğlunu sarı vərəqə ilə cəzalandırıb. 

 

Qeyd edək ki, ixtisası iqtisadçı olan referi UEFA-nın 1-ci kateqoriyasına daxildi.