Avropa ölkələrində 2015/16 mövsümü bir-bir başa çatır. Apasport.az saytının məlumatına görə, artıq bəzi ölkələrdə mövsümə tam yekun vurulub və komandalar istirahətə buraxılıblar.
Bir çox ölkədə çempion bəlli olsa da, azarkeşlər kubokda final matçını gözləyirlər. Ancaq həm çempion, həm də kubokun sahibi müəyyənləşən ölkələr də var. Onlar arasındakı komandaların bəziləri mövsümü “Qızıl dubl”la tamamlamağa nail olublar.
Məsələn, “Dinamo” (Zaqreb) Xorvatiyada, “Kopenhagen” Danimarkada, “Dinamo” (Tbilisi) Gürcüstanda, “Ferensvaroş” Macarıstanda, “Legiya” Polşada, “Trenkin” Slovakiyada, TNS isə Uelsdə hər iki cəbhədə qızıl medalı heç kimə verməyib. Litvada “Jalgiris” son çempion olsa da, orda yeni mövsümə start verilib. “Jalgiris” bu yaxınlarda keçirilən Litva Kubokunun finalında da qalib gəlib.
Azərbaycan Premyer Liqasında hələ sona bir tur qalsa da, çempionluğu rəsmiləşdirən “Qarabağ” kubokda da mübarizəni davam etdirir. Qurban Qurbanovun yetirmələri mayın 25-də kubokun finalında “Neftçi”yə qalib gəlsələr, ardıcıl ikinci dəfə mövsümü “Qızıl dubl”la tamamlayacaqlar.
“Qarabağ” kimi, daha bir neçə Avropa klubunun “Qızıl dubl” arzusu davam edir. Belə ki, bəzi ölkələrdə çempion olan komandalar kubokun da finalına adlayıb və mayın sonuna kimi həlledici görüşə çıxacaqlar. “Böyük beşlik” ölkələrindən “Barselona” (İspaniya), PSJ (Fransa), “Bavariya” (Almaniya) və “Yuventus” (İtaliya) da “Qarabağ” kimi, ölkə çempionluğunu qazanıb və kubokun finalını gözləyirlər.
Onlardan başqa “Zalsburq” (Avstriya), BATE (Belarus), “Flora” (Estoniya), “Linkoln” (Cəbəllütariq), “Makkabi” (Təl-Əviv, İsrail) və “Milsami” (Moldova) “Qızıl dubl” şanslarını davam etdirirlər.
“Dinamo” (Zaqreb) ilə “Trenkin” ölkələrində ardıcıl ikinci dəfədi “Qızıl dubl” edirlərsə, TNS və “Jalgiris”də bu say 3-dü. “Qarabağ”, “Barselona”, PSJ, “Yuventus” və “Makkabi” (Təl-Əviv) də ölkələrində ardıcıl ikinci “Qızıl dubl”a yaxındı. “Zalsburq” və “Linkoln” isə ölkə kubokunu alsalar, ardıcıl 3-cü həm çempion, həm də kuboku qazanmış olacaqlar.