[b]“Qarabağ” Zirə Olimpiya Kompleksini seçdi[/b]
09.04.2016 - 10:37
[b]“Qarabağ” Zirə Olimpiya Kompleksini seçdi[/b]

“Qarabağ” may ayında keçirəcəyi iki ev matçının stadionunu dəyişib. Apasport.az saytının məlumatına görə, Ağdam klubu “İnter”, “Sumqayıt” və “Qəbələ” ilə görüşləri “Azərsun Arena”da keçirməyəcək.

 

Buna səbəb mayın 5-dən 21-dək Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatının keçiriləcəyidi. “Qarabağ”ın ev oyunlarını keçirdiyi həmin stadionda qrup mərhələsinin görüşləri baş tutacaq. Mayın 5-6-da ilk, 8-9-da ikinci, 11-12-də üçüncü turun görüşlərini qəbul edəcək arenada 6 matç keçirilməlidi. Bu da “Qarabağ”ın 3 görüşünü başqa yerdə oynamalı olması deməkdi.

 

Avropa çempionatı mayın 5-də başlasa da, ağdamlılar bundan 1 gün öncə kubokun yarımfinalında “İnter”i qəbul edəcək. Açılışdan bir gün öncə bu arenada klubların oynamasına Təşkilat Komitəsinin icazə verməsi mümkünsüzdü. Düzdü, ağdamlılar “İnter”lə razılaşıb, ilk oyunu evdə, mayın 4-də isə səfərdə oynaya da bilər. Əks halda isə bu görüş, həmçinin Premyer Liqanın XXXIII turunda “Sumqayıt” (7 may) və XXXIV turunda “Qəbələ” (11 may) ilə matçlar başqa stadionda keçiriləcək.

 

Ağdamlılar özlərinə artıq yeni məkan tapıblar. Tofiq Bəhramov adına Respublika stadionunda təmir işləri davam etdiyindən, Qurban Qurbanovun yetirmələri orda da oynaya bilməyəcəklər. Klub rəhbərliyi bazasına yaxın olduğundan, Zirə Olimpiya Kompleksində oynamaq qərarına gəlib. Qarşı tərəflə aparılan danışıqlar artıq müsbət nəticələnib.

 

Qeyd edək ki, eyni problemlə üzləşən “Neftçi” isə həmin ərəfədə ev oyunlarını Masazır qəsəbəsində yerləşən “Əlincə” stadionunda keçirəcək.