[b]“Qarabağ”a “Neftçi”nin qənimi[/b]
08.07.2016 - 17:32
[b]“Qarabağ”a “Neftçi”nin qənimi[/b]

Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində “Düdelanj”la keçirəcəyi cavab qarşılaşmasını şotlandiyalı hakimlər idarə edəcək. Apasport.az saytının məlumatına görə, görüşün baş hakimi Kevin Klansi gənc referilərdən sayılır.

 

17 yaşında hakimliyə başlayan Klansi ilk dəfə 2012-ci ildə FİFA dərəcəsini alıb. Maraqlıdı ki, şotlandiyalının Avrokubokda ilk rəsmi səfəri Bakıya olub. Belə ki, 2012/13 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “İnter”in Estoniya “Trans”ı ilə cavab matçını məhz Klansi idarə edib. Təmsilçimizin 2:0 hesabı ilə qalib gəldiyi görüşdə hakim əlini bir dəfə də olsun cibinə atmayıb. İlk görüşdə 5:0 hesablı qələbə qazanan “İnter” mərhələ adlayıb.

 

32 yaşlı referi ötən mövsüm də “Neftçi”nin görüşnə təyinat alıb. Avroliqanın I təsnifat mərhələsində bakılıların “Mladost”la Podqoritsadakı cavab qarşılaşması Klansiyə tapşırılıb. 1:1 hesabı ilə başa çatan matçda o, 7 sarı, 3 qırmızı vərəqəyə əl atıb. “Sarı”lardan 4-ü, “qırmızı”lardan isə 2-si “Neftçi”lilərin payına düşüb. Referi qalmaqallı keçən qarşılaşmaya əlavə edilmiş 9-cu dəqiqədə meydan sahiblərindən Miloş Raduloviçə, “Neftçi”dən isə Aylton Silva və ehtiyat qapıçı Maksim Vayloya qırmızı vərəqə göstərib. Həmin vaxt Bakıda 2:2 hesabı qeydə alındığından, Monteneqro klubu səfər qolları sayəsində mərhələ adlayıb.

 

U-17, U-19 və U-21 millilərin müxtəlif beynəlxalq görüşlərində oyun idarə etmiş Kevin Klansi ümumilikdə 6 dəfə Avropa Liqasının, 1 dəfə isə Çempionlar Liqasının seçmə mərhələ qarşılaşmasında ədalət təmsilçisi olub. 32 yaşlı referi ölkə daxili yarışlarla birlikdə hakimlik karyerası ərzində 150-yə yaxın oyuna təyinat alıb.