[b]“Qarabağ”ı Avropada gözləyən yenilik[/b]
18.05.2016 - 12:01
[b]“Qarabağ”ı Avropada gözləyən yenilik[/b]

Bu gün keçiriləcək Avropa Liqasının final oyunu futbol tarixinə yeniliklə düşəcək. Apasport.az saytının məlumatına görə, UEFA-nın bayrağı altında keçirilən yarışların tarixində ilk dəfə qolların avtomatik qeydə alınması sistemindən istifadə olunacaq.

 

Bu, “Sevilya” (İspaniya) və “Liverpul” (İngiltərə) arasında matçda gerçəkləşəcək.  Tətbiq olunacaq “Hawk-Eye” sisteminə əsasən hər qapı üçün 7 kamera quraşdırılacaq. Proqram tərtibatı qrafika ilə topun vəziyyətini izləyəcək. Qolun qeydə alınacağı halda bu barədə məlumat dərhal baş hakimin saatına ötürüləcək.

 

Bu proqram tezliklə Azərbaycan komandasının oyununda da tətbiq edilə bilər. Çünki UEFA-nın İcraiyyə Komitəsi bu addımın davam etdirilməsinə qərar verib. Bugünkü finaldan sonra Çempionlar Liqasının mayın 28-də baş tutacaq həlledici qarşılaşmasında da istifadə olunacaq  sistem Fransadakı AVRO-2016-nın bütün oyunlarında da hakimlərə xidmət edəcək.

 

 2016/17 mövsümündən Çempionlar Liqasında da tətbiq olunacaq bu sistemə pley-offdan başlayaraq rast gəlinəcək. Bu yarışa II təsnifat mərhələsindən start verəcək “Qarabağ” iki rəqibi adlayıb, ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin pley-offuna düşsə, yeniliklə üzləşəcək.

 

Əks halda isə bizim üçün yenilik daha gec gələcək. Çünki Avropa Liqasının qrupunda “Hawk-Eye”dən istifadə ən yaxşı halda 2017/18 mövsümündə başlayacaq. Lakin buna da hələ UEFA qərar verməlidi.

 

Qeyd edək ki, yeni sistem əlavə köməkçi hakimlərin təyinatına təsir göstərməyəcək. Onlar cərimə meydanı və onun yaxınlığında baş verənlərə nəzarət edəcək.