Fransa Kəşfiyyat idarəsi ölkədə yeni terror hadisələrinin baş vermək ehtimalını nəzərə alaraq, təhlükəsizlik tədbirlərini gücləndirib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 10 iyun-10 iyul aralığında keçiriləcək futbol üzrə Avropa çempionatı və “Tour De France” velosiped yarışı öncəsi yaradılmış gücləndirilmiş rejimin vaxtı uzadılıb.
Avropa çempionatında iştirak edəcək hər yığmanı özəl birliklər qoruyacaq. Belə ki, Fransaya yollanan 24 komandanın hər birinə 5 nəfərdən ibarət xüsusi mühafizə dəstəsi ayrılacaq. Futbolçuların və komandaların digər üzvlərinin təhlükəsizliyinə məhz həmin mühafizə xidmətinin əməkdaşları cavabdehlik daşıyacaqlar.
Turnirin əsas favoritlərindən sayılan Almaniya millisi bununla kifayətlənməyəcək. Bundestim AÇ-yə öz mühafizəçilərini də aparacaq.
Gələn ay start götürəcək Avropa çempionatına Azərbaycan Premyer Liqasında çıxış edən futbolçu da yollanacaq. “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli Albaniya millisinin heyətində turnirdə iştirak edəcək.
Qeyd edək ki, 10 stadionda keçiriləcək 51 qarşılaşmanı 2,5 milyon futbolsevərin stadiondan izləyəcəyi gözlənilir.