[b]“Qarabağ”ın ilk, klublarımızın 4-cü üzüntüsü[/b]
03.08.2016 - 12:22
[b]“Qarabağ”ın ilk, klublarımızın 4-cü üzüntüsü[/b]

Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Viktoriya” qarşılaşmasının taleyini səfər qolu həll edib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi avrokuboklar tarixində ilk dəfə evdə buraxdığı qol üzündən mübarizəni dayandırıb.

 

Səfər qolu qaydasının tarixinə nəzər salsaq, avrokuboklarda ilk belə hadisə 1965/66 mövsümünə təsadüf edib. Kuboklar kubokunun “Dukla” (Çexiya) – “Honved” (Macarıstan) duelində (2:3, 2:1) macarlar sevinib. Bu qaydanın 50 illik, klublarımızın isə 22 illik avrokubok tarixində “Qarabağ” 4-cü dəfə belə halla üzləşib.

 

1999/2000 mövsümündə “Makkabi”dən (Hayfa, İsrail) üstün olan (2:1, 0:1) ağdamlılar 2011-ci ildə “Streymur” (Farer adaları) klubunu (0:0, 1:1), 2014-cü ildə “Tvente”ni (Hollandiya) bu yolla (0:0, 1:1) mübarizədən kənarlaşdırmışdı. 3 dəfə bu qaydadan xeyir görən təmsilçimiz ilk dəfə evdə top buraxmasının “qurban”ı oldu.

 

Ümumiyyətlə isə Azərbaycan klublarının avrokubok duelinin taleyini 12-ci dəfə səfər qolu həll edib. Bunlardan 4-ü “Qarabağ”ın hesabındadısa, “Neftçi” 3 dəfə bu durumla üzləşib. Bakılılar 2 dəfə qalib gəlib, 1 dəfə uduzublar. “İnter”in də lehinə işləyən qərar paytaxt klubunu 2 dəfə bu yolla mərhələ keçməsinə səbəb olub. Hərəyə 1 belə hadisənin iştirakçısı olanlardan “Qəbələ” qalib gəlibsə, “Xəzər Lənkəran”la “Kəpəz” mübarizəni dayandırıb. Bir sözlə, “Qarabağ”ın “Viktoriya”ya ümumi hesabda uduzmasına qədər təmsilçilərimiz yalnız 3 dəfə evdə qol buraxmağının əziyyətini çəkmiş, 8 dəfə rəqib meydanındakı uğura sevinmişdi.