DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bu ay Yunanıstanın qonağı olacaq Bosniya və Herseqovina yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Mehmed Bajdareviç 22 oyunçuya dəvət göndərib.
Siyahıda Azərbaycan Premyer Liqasında çıxış edən futbolçu da var. Söhbət “Qarabağ”ın qapıçısı İbrahim Şehiçdən gedir. Ağdam klubunun təcrübəli qolkiperi bu dəfə də yığma komandasına dəvət edilən oyunçuların sırasında yer alıb. Bu isə o deməkdi ki, “Qarabağ”ın heyətində dünən Yunanıstanın PAOK klubunun qonağı olan Şehiç bu ay ikinci dəfə Ellada ölkəsinə səfər edəcək.
Qeyd edək ki, Yunanıstan – Bosniya və Herseqovina matçı noyabrın 13-də keçiriləcək.