Çempionlar Liqasının II təsnifat mərhələsi Azərbaycan komandaları üçün tarixi hadisə ilə əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, bunun üçün son 4 ilin dəyişməz çempionu “Qarabağ” Gürcüstan təmsilçisi “Samtredia”nın qapısından ən azı 2 top keçirməlidi.
Futbolçularımızın vuracağı 2-ci qol təmsilçilərimizin qitənin ən nüfuzlu klub turnirində 50-ci topu olacaq. Belə ki, indiyədək komandalarımız 48 dəfə rəqib qapılarına yol tapıb.
Bu qolları 54 matçda vuran klublarımızın orta məhsuldarlığı 0,89-a bərabərdi. “Samtredia” ilə sabahkı ilk matç Çempionlar Liqasında 55-ci sınaq olacaq. “Qarabağ”ın ilk qolu 49-cu, növbəti uğuru isə 50-ci kimi tarixə düşəcək. Ağdam klubunun son 6 ev oyununu qolsuz tərk etmədiyini nəzərə alsaq, “100”ün yarılanması Bakıda rəsmiləşəcək. Əgər bunu ilk oyunda reallaşdırmaq mümkün olmasa, 50-yə səfərdə çatmalı olacağıq.
Azərbaycan Çempionlar Liqasında 1997/98 mövsümündə debüt etsə də, ilk qolumuzu növbəti ilədək gözləməli olmuşuq. 1998-ci il iyulun 22-də İmamyar Süleymanov LKS - “Kəpəz” oyununda (4:1) polşalıları məyus edib və ilk topun müəllifi kimi tarixə düşüb.
Qeyd edək ki, 50-ci qolu vurmağa yaxın olan “Qarabağ” isə Çempionlar Liqasında 12 dəfə fərqlənib.