[b]“Qarabağ”la “Qəbələ” 1 pillə gerilədi[/b]
11.12.2015 - 12:20
[b]“Qarabağ”la “Qəbələ” 1 pillə gerilədi[/b]

Avrokubokların qrup mərhələsi başa çatdıqdan sonra UEFA-nın klub reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, 2015-ci ilin son siyahısında Azərbaycanın 7 klubu da yer alıb.

 

Təmsilçilərimiz arasında ən yaxşı nəticəyə malik “Qarabağ” 13,475 xalla 129-cu yerdədi. Avropa Liqasının qrup mərhələsinin VI turunda Belçika “Anderlext”i ilə səfər oyununda 1:2 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri 1 pillə geriləyib. Brüssel təmsilçisinin qələbəsi digər Belçika klubu “Zulte Varegem”in “Qarabağ”ı keçməsi ilə nəticələnib.

 

9,725 xalla 167-ci olan “Neftçi” də 3 pillə geriləyib. 246-cı pillədə qərarlaşan “İnter” (5,475) mövqeyini qoruyub. Avropa Liqasının qrup mərhələsinin VI turunda Rusiya “Krasnodar”ına 0:3 hesabı ilə uduzan “Qəbələ” də xal hesabını artıra bilməyib. Aktivində 5,225 xal olan əyalət təmsilçisi də 1 pillə geriləyərək, 253-cü yerə enib. Digər klublarımızdan “Xəzər Lənkəran” (4,475) 283-cü, “Bakı” ilə AZAL (hər ikisi 3,2250) 330-cudü.

 

Qeyd edək ki, siyahıya 161,057 xala malik İspaniya “Real”ı (Madrid) başçılıq edir.