[b]“Qarabağ”ın isveçrəli ilə ikinci görüşü[/b]
12.09.2016 - 14:40
[b]“Qarabağ”ın isveçrəli ilə ikinci görüşü[/b]

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində “Slovan”la oyununa təyinat alan Stefan Klossner Ağdam klubuna tanış simadı. Apasport.az saytının məlumatına görə, isveçrəli referinin təmsilçimizlə avrokuboklarda bir dəfə yolu kəsişib.

 

Bu, 2013-cü ilin avqust ayının 8-nə təsadüf edib. Klossner həmin vaxt “Qarabağ”ın Avroliqanın III təsnifat mərhələsində “Gefle” ilə səfər qarşılaşmasını idarə edib. Qurban Qurbanovun yetirmələrinin 2:0 hesabı ilə qələbə qazandıqları görüşdə referi əlini cibinə atmayıb.

 

2010-cu ildə İsveçrə çempionatında oyunlar idarə etməyə başlayan Stefan Klossner bundan 2 il sonra FİFA dərəcəsini alıb. Həmin ildən beynəlxalq təyinatlar alan 35 yaşlı hakimin Avropa Liqasının qrup mərhələsində debütü 2014-15 mövsümünə təsadüf edir. Həm həmin, həm də ondan sonrakı mövsümdə qrupda 1 oyun idarə edən isveçrəli ümumilikdə 30 beynəlxalq görüşdə fit çalıb. O, bu matçlarda 122 sarı, 8 qırmızı vərəqə göstərib, 12 dəfə penalti qərarı verib.

 

Klossner cari mövsümdə Çempionlar Liqasının II təsnifat mərhələsində “Krusaders” – “Kopenhagen” və Avropa Liqasının III mərhələsində “Gent” – “Vitorul” görüşlərində ədalət təmsilçisi olub.