Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ”ın qonağı olacaq “Neftçi” matça itkilərlə çıxacaq. Klubdan apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar”ın 3 futbolçusu bu görüşü buraxacaq.
Ruslan Abışov və Pavel Dreksa zədədən əziyyət çəkir. Analoji səbəbdən Almaniya ilə oyunöncəsi millinin düşərgəsindən kənarlaşdırılan Abışov hələ də sıraya dönməyib. Təcrübəli futbolçu “Qarabağ”la ilk görüşdə olduğu kimi, yenə komandasına kömək edə bilməyəcək.
Dreksa isə ölkə çempionatının XXIV turu çərçivəsində “Sumqayıt”la qarşılaşmada zədəsini təzələmişdi. Nəticədə o, 66-cı dəqiqədə əvəzlənmək məcburiyyətində qalmışdı. Abışov kimi, Dreksa da böyük ehtimalla, “Qarabağ”a qarşı oynamayacaq.
Bundan əlavə, Namiq Ələsgərov da meydana çıxmayacaq. O, “Neftçi” və “Qarabağ” klubları arasındakı razılığa görə, bu görüşdə iştirak etməyəcək.
Qeyd edək ki, aprelin 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” matçı saat 19:30-da start götürəcək. Bu komandaların ilk oyununda Ağdam təmsilçisi 2:0 hesablı qələbə qazanıb.