[b]“Qarabağ”la oyundakı səhvi yarım saat müzakirə etdik”[/b]
02.10.2017 - 12:31
[b]“Qarabağ”la oyundakı səhvi yarım saat müzakirə etdik”[/b]

“Qonalonun “Qarabağ”la matçda buraxdığı səhv istənilən futbolçunun başına gələ bilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Roma”nın yarımmüdafiəçisi Maksim Qonalonun meneceri Frederik Querra deyib.

 

Çempionlar Liqasının II turunda “Qarabağ” üzərində səfər qələbəsi (2:1) qazanan İtaliya nəhəngində fransalı futbolçu ciddi tənqidlərlə üzləşib. Buna səbəb Ağdam klubunun 28-ci dəqiqədə vurduğu qol epizodunda 28 yaşlı dayaq yarımmüdafiəçisinin kobud səhvə yol verməsi olub.

 

Qarşılaşma ilə bağlı yerli mətbuata danışan Qonalonun meneceri oyunçusunun uyğunlaşma dönəmindən keçdiyini söyləyib: “Qarabağ”la görüşün ilk 20 dəqiqəsində “Roma” artıq 2:0 hesabı ilə önə keçmişdi və hamımız asan oyun olacağını gözləyirdik. Ancaq bir səhv vəziyyəti tamamilə dəyişdi. Qonalon topa hər toxunuşunda həmin səhvi düşünürdü. Bu da öz oyununu göstərməyə mane olurdu. Matçdan sonra yarım saat onunla söhbət etdik, buraxdığı səhvin müzakirəsini apardıq. Qonalon bu səhvləri göz önünə alaraq “Roma”nı seçdi. Çünki burda inkişaf etmək daha rahatdı. Üstəlik, nəzərə alaq ki, o, hazırda uyğunlaşma dönəmindən keçir”.

 

Qeyd edək ki, Maksim Qonalon “Roma”ya bu yay “Lion”dan keçib.