[b]“Qarşımıza yüksək hədəf qoymamışıq” – Samir Əliyev[/b]
17.09.2017 - 23:34
[b]“Qarşımıza yüksək hədəf qoymamışıq” – Samir Əliyev[/b]

“Bu oyuna bir xal üçün çıxmışdıq. Ancaq təəssüf ki, buna nail ola bilmədik. Millinin və “Qarabağ”ın ÇL-dəki oyunu ilə bağlı böyük fasilə yaranmışdı. Uzun müddət oynamadıq. Bu matçda ustalıq səviyyəsi öz sözünü dedi. Rəqib ustalıq səviyyəsinə görə bizdən aşkar üstün idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Samir Əliyev deyib.

 

Azərbaycan Premyer Liqasının V turunda “Qəbələ” ilə qarşılaşan Premyer Liqanın debütantı öz meydanında 1:3 hesablı məğlubiyyətə üzülüb.

 

Oyundan sonra baş tutan mətbuat konfransında sualları cavablandıran gənc çalışdırıcı fikirlərini bölüşüb.

 

- Digər klublarla səviyyə fərqi bu qədər olmayacaq. Həmin oyunlarda nəyəsə ümid etmək olar?

- Problemlərimiz çoxdu. Bu gün daha güclü komandaların məşqçiləri belə heyətdə problemləri olduğunu deyirsə, biz nə deməliyik? Bu il qarşımıza yüksək hədəf qoymamışıq. Yeni yaranmış komandayıq. Heyətimizdə futbolçu çoxdu. Gələn oyunlarda onlara da şans verməyə çalışacağıq.

 

- Rəqib hakim idarəçiliyindən narazı qaldı…

- Bu, baş məşqçinin öz fikridi. Mən hakimlikdən narazı qalmadım. Səhv varsa da, hakim də insandı, səhv edə bilər.

 

- Limit imkan versəydi, Pərviz Qaraxanovu əvəzləyərdiz?

- Yəqin ki, gələn oyunlarda bu cür dəyişiklik olacaq.

0