Topaz Premyer Liqasının XXVII turunda AZAL-ın qonağı olacaq “Qəbələ” matçın hazırlığını bu gün yekunlaşdıracaq. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” oyunöncəsi son məşqlərini Bakıda keçirəcəklər.
Millinin düşərgəsindən qayıdan futbolçular - Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Pavel Paşayev, Ruslan Abışov və Rəşad Eyyubov “Qəbələ”yə bu gün qoşulub, komandanın axşam məşqində iştirak edəcəklər. Bununla belə, Roman Qriqorçuk AZAL-la oyunda yenə tam heyətdən istifadə edə bilməyəcək.
Belə ki, kapitan Dodo zədəsini hələ də sağaltmayıb. Sıraya dönməyən braziliyalı yarımmüdafiəçi “təyyarəçilər”lə səfər qarşılaşmasında komandasına kömək edə bilməyəcək.
Qriqorçuk sabahkı qarşılaşmada Sergey Zenyovun da xidmətindən məhrum olacaq. Hazırda Estoniya yığmasının düşərgəsində olan 27 yaşlı futbolçu komandasının bu gün Serbiya ilə keçirəcəyi yoldaşlıq görüşündə iştirak edəcək. Məhz bu səbəbdən Zenyov “Qəbələ”nin sabahkı görüşünü buraxacaq.
Qeyd edək ki, AZAL – “Qəbələ” qarşılaşması saat 15:00-da start götürəcək.