[b]“Qəbələ” – “Dinamo-Avto” oyununun vaxtı dəqiqləşdi[/b]
03.09.2016 - 13:05
[b]“Qəbələ” – “Dinamo-Avto” oyununun vaxtı dəqiqləşdi[/b]

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə təlim-məşq toplanışı keçirmək üçün Ukraynaya yollanan “Qəbələ” hazırlıqlarını davam etdirir. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, avqustun 31-dən məşqlərini Odessada gerçəkləşdirən “qırmızı-qaralar” gündə iki dəfə olmaqla məşq edir.

 

Yığmaların düşərgəsində olan futbolçular – Nika Kvekveskiri, Məhəmməd Mirzəbəyov, Ruslan Qurbanov, Teo Uiks, Sergey Zenyov, Elvin Camalov və Sadiq Quliyev hazırlıqlarda iştirak etmir.

“Qəbələ”nin yeni transferi xorvatiyalı Petar Franyiç artıq 3 gündü məşqlərə qatılıb. “Qırmızı-qaralar” hazırlıq çərçivəsində baş tutacaq yeganə yoxlama oyununa sabah çıxacaq. Roman Qriqorçukun yetirmələri Moldovanın “Dinamo-Avto” klubu ilə görüşəcək. 2009-cu ildə yaradılan bu komanda 2015-2016-cı illər mövsümündə Moldova çempionatının 5-cisi olub. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Qeyd edək ki, “Qəbələ”nin Ukraynadakı təlim-məşq toplanışı sentyabrın 7-dək davam edəcək.