Azərbaycan Premyer Liqasının XXII turunda “Neftçi”nin qonağı olacaq “Qəbələ” matça itkilərlə çıxacaq. Klubdan apasport.az saytına verilən məlumata görə, “qırmızı-qaralar”ın 2 üzvünün bu matçı buraxacağı dəqiqdi.
Müdafiəçi Vitali Vernidub və yarımmüdafiəçi Elvin Camalov hələ sıraya dönməyib. Zədədən əziyyət çəkən hər iki futbolçu “Neftçi” ilə görüşdə iştirak etməyəcək.
Ötən tur “İnter”lə qarşılaşmada əvəzlənmək məcburiyyətində qalan Rasim Ramaldanovun isə zədəsi ciddi deyil. Bununla belə, onun “Neftçi”yə qarşı oynayıb-oynamayacağına hələ aydınlıq gəlməyib. 31 yaşlı müdafiəçi komandasının son məşqlərində iştirak etməyib. Həkim nəzarətində olan Rasim fərdi hazırlıqla kifayətlənib. Məşqçilər korpusu bu gün “Qəbələ”yə yollanacaq Ramaldanovun vəziyyətinə baxıb, onun “Neftçi” ilə qarşılaşmada iştirak edib-etməyəcəyini müəyyənləşdirəcəklər.
Əvəzində komandanın digər müdafiəçisi Rafael Santos sıraya dönüb. Zədəsini tam sağaldan braziliyalı futbolçu kollektivlə birgə məşqlərdə iştirak edir.
Qeyd edək ki, martın 14-də keçiriləcək “Neftçi” – “Qəbələ” matçı saat 20:00-da start götürəcək.