Topaz Premyer Liqasının XXIX turunda “Sumqayıt”la səfərdə (1:1) heç-heçə edən “Qəbələ” uğursuz seriyaya növbəti turda “Rəvan”la qarşılaşmada son qoymaq niyyətindədi. Klubdan apasport.az saytına verilən məlumata görə, komanda sabahdan etibarən öz bazasında autsayderlə qarşılaşmanın hazırlığına başlayacaq.
Düşərgədə əhval-ruhiyyə yüksək səviyyədə olmasa da, heyətlə bağlı problemin olmaması məşqçilər korpusunu sevindirməyə bilməz. Yeganə itki Dododu ki, kapitanın da sabahdan kollektivlə birlikdə məşqlərdə iştirak etməsi gözlənilir.
Ancaq baş məşqçi Roman Qriqorçuk ilk gündən braziliyalını “yükləmək” fikrində deyil. Yavaş-yavaş daha yüksək tempdə məşq keçəcək Dodonun “Rəvan”la görüşə hazır olub-olmayacağı hələ bəlli deyil.
Qeyd edək ki, “Qəbələ” – “Rəvan” oyunu aprelin 15-də keçiriləcək.