“Qəbələ” klubu 19 yaşadək futbolçular arasında Azərbaycan çempionatı ilə bağlı yeni təkliflə çıxış edib. Apasport.az saytının məlumatına görə, klubun vitse-prezidenti Fariz Nəcəfov bu gün Klublar Komitəsinin (KK) iclasında məsələni müzakirəyə çıxarıb.
“Qəbələ” rəhbərliyi konkret olaraq çempionatın hazırkı formatı olan üç dövrəli sistemə qarşıdı. Çünki U-19-lar arasında yarışın qalibi UEFA “Gənclər Liqası”na vəsiqə qazanır. Məhz bu amil çempionluq üçün komandalara əlavə stimul verir. “Qəbələ” tərəfi də hazırkı formata görə, əsas rəqiblər arasında görüşlər zamanı komandalardan birinin səfərdə 2 oyun keçirməsini düzgün hesab etmir.
“Qırmızı-qaralar” hətta yeni təklif də veriblər. Belə ki, klub rəhbərliyi hesab edir ki, əgər məqsəd matçların sayını, futbolçuların oyun praktikasını artırmaqdısa, o zaman çempionatı iki dövrədən ibarət edib, əlavə U-19 kuboku yaratmaq olar.
Qeyd edək ki, “Qəbələ”nin U-19 komandası bu mövsüm “Gənclər Liqası”nda mübarizə aparır. Bölgə təmsilçisi “Çempionlar yolu” yarışının birinci mərhələsində Moskva “Dinamo”su ilə qarşılaşıb və Qəbələdə baş tutan ilk görüşdə qonaqlar 2:0 hesablı qələbə qazanıblar.