Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qəbələ”nin yay hazırlıq planına böyük ölçüdə aydınlıq gəlib. Klubdan apasport.az saytına verilən məlumata görə, “qırmızı-qaralar” ölkə kubokunun finalından sonra 1 aylıq istirahətə buraxılıb.
Komanda iyunun 5-də bir araya gələrək, yeni mövsümün hazırlığına start verəcək. “Qəbələ”nin təlim-məşq toplanışını hansı ölkədə keçirəcəyi də bəllidi. Bölgə təmsilçisi Avstriyaya yollanacaq. Lakin bu ölkəyə səfərin konkret nə vaxt baş tutacağı hələ dəqiqləşməyib.
Məsələ burasındadı ki, klub rəhbərliyi legionerlərin birbaşa Avstriyaya yollanmaq variantının daha rahat olduğunu nəzərə alaraq, hazırlığın bu ölkədə başlanılmasına qarşı deyil. Lakin komandanın Bakıda toplaşıb, bir neçə gündən sonra Avstriyaya getməsi də mümkün variantlardan biridi.
Qeyd edək ki, “Qəbələ” əvvəlki 2 ildə də Azərbaycanı Avropa Liqasında təmsil edib. Roman Qriqorçukun yetirmələri hər iki cəhddə turnirin qrup mərhələsində oynamaq hüququ qazanıb.