[b]“Qəbələ” ilə oyunöncəsi növbəti itki[/b]
26.09.2016 - 15:01
[b]“Qəbələ” ilə oyunöncəsi növbəti itki[/b]

“Qəbələ”nin Avropa Liqasındakı rəqibi “Maynts” ciddi itki ilə üzləşib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, müdafiəçi Leon Baloqun sıradan çıxıb.

 

Almaniya Bundesliqasının V turunda “Bayer”lə qarşılaşmanın əvvəllərində zədələnən mərkəz müdafiəçisi artıq 9-cu dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb. İlkin tibbi müayinə zamanı 28 yaşlı futbolçunun qasıq nahiyəsindən xəsarət aldığı müəyyənləşib. Ondan başqa, braziliyalı müdafiəçi Andre Ramalyo və Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Jan-Filipp Qbamin də zədə ucbatından “Bayer”lə görüşü buraxıb.

 

Adıçəkilən futbolçuların sentyabrın 29-da Avroliqanın II turu çərçivəsində “Qəbələ” ilə səfər matçında iştirakı sual altındadı.

 

Qeyd edək ki, “Bayer”ə 2:3 hesabı ilə məğlub olan “Maynts” 5 turdan sonra 7 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.