Gənclər Liqasında Azərbaycanı təmsil edən “Qəbələ” sabah növbəti sınağına çıxacaq. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” Çempionlar yolunun I mərhələsinin cavab oyununu keçirəcək.
Təmsilçimiz səfərdə Moskva “Dinamo”su ilə görüşəcək. U-19 Liqasının son qalibi olan “Qəbələ” Rusiya çempionu ilə Ximkidəki “Rodina” stadionunda qarşılaşacaq.
Qəbələdə keçirilən ilk görüşdə 2 cavabsız qol buraxan Hüseynqulu Quliyevin yetirmələri səfərə möcüzə ardınca yollanıb. “Qırmızı-qaralar” mərhələ keçmək üçün lazım olan nəticəni əldə etməyə iddialıdı. Bunun üçün ən azı 3 qol vurmalı olan komanda matçı penaltilər seriyasına daşımaq üçün 2 dəfə fərqlənməlidi.
Mərhələ keçsə, ilki gerçəkləşdirmiş olacaq əyalət klubu bunun öhdəsindən gəlməməklə də tarixə düşə bilər. “Dinamo”nu mübarizədən kənarlaşdırmaq üçün kifayət etməyəcək istənilən qələbə təmsilçilərimizin Gənclər Liqasında ilk uğuru olacaq. Azərbaycan komandaları bu turnirdə qol vurmadığından fərqlənəcək futbolumuz ilkin müəllifi kimi tarixdə qalacaq.
Qeyd edək ki, “Dinamo” – “Qəbələ” cütünün qalibi II mərhələdə “Makkabi” (Hayfa, İsrail) – “Şaxtyor” (Belarus) matçının qalibi ilə qarşılaşacaq. Bu komandaların ilk oyununda israillilər 5:0 hesablı ev qələbəsi qazanıb.
Gənclər Liqası
Çempionlar yolu
I mərhələ, cavab oyunu
19 oktyabr
19:00. “Dinamo” (Moskva, Rusiya) – “Qəbələ” (Azərbaycan)
Baş hakim: Dumitru Muntyan
Baş hakimin köməkçiləri: Vyaçeslav Sivaçiov, Anatoli Basiul (hamısı Moldova)
Hakim-inspektor: Yuri Baskakov (Rusiya)
UEFA nümayəndəsi: Anuar Bidanov (Qazaxıstan)
Ximki. “Rodina” stadionu
İlk oyun – 2:0