Bu gün Azərbaycan kubokunda 2016/2017 mövsümünün 1/8 final mərhələsinin oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, yarışa bu mərhələdən başlayacaq “Qəbələ” isə sabah meydana çıxacaq.
“Qırmızı-qaralar” 1/4 finala vəsiqə uğrunda matçda I divizion təmsilçisi “Zaqatala” ilə qarşılaşacaq. Qəbələdə baş tutacaq oyun komandanın debütantla ilk görüşü olacaq. Bunadək kubok matçlarında 15 komanda ilə üz-üzə gələn “Qəbələ” özünün 16-cı rəqibini sınağa çəkəcək.
Azərbaycan kubokunda 2005/2006 mövsümündə debüt edən “Qəbələ” 12-ci dəfə bu yarışın start xəttinə çıxır. 11 mövsümdən birində finala (2013/2014), üçündə yarımfinaladək (2007/2008, 2008/2009, 2015/16) irəliləyən “qırmızı-qaralar” 4 dəfə 1/4 finalda (2010/2011, 2011/2012, 2012/2013, 2014/2015) mübarizəni dayandırıbsa, 3 dəfə 1/8 final səddini adlaya bilməyib. Bu, 2005/2006, 2006/2007 və 2009/2010 mövsümlərində yaşanıb.
Ölkə kubokunda indiyədək 47 oyun keçirən “Qəbələ” 22 dəfə qalib gəlib, 16 dəfə heç-heçə edib və yalnız 9 dəfə uduzub. Turnirdə 74 qol vuran komanda “Zaqatala”nın qapısına 1 dəfə yol tapsa, bu, yubiley topu olacaq.
Bu 47 qarşılaşmada “Qəbələ”nin heyətində 160 futbolçu meydana çıxıb. “Qırmızı-qaralar”ın rekordçusu Samir Zərgərovun hesabında 18 oyun var. Dodo 15, Viktor Mendi və Azər Həşimov hərəyə 13 kubok matçında forma geyiniblər.
İndiki heyətdən Ürfan Abbasov hamıdan öndədir – 12 oyun. Elvin Camalovla Rafael Santos “Qəbələ”də 10-cu kubok oyununu sabah keçirə bilər. Bunun üçün onların meydana çıxması kifayətdir.
Kubokda vurulan 74 qola 43 futbolçu və avtoqol müəllifi olan 1 rəqib oyunçu imza atıb. “Qəbələ”nin heyətində ən çox qol sevinci yaşayan Kənan Kərimovdur – 7 qol. Vüsal Qarayev 5, Aleksey Qay, Viktor Mendi ilə İbrahim Hüseynov hərəyə 4 dəfə fərqləniblər.
“Zaqatala” ilə oyun baş məşqçi Roman Qriqorçuk üçün də əlamətdar olacaq. Ukraynalı mütəxəssisin bu posta təyinatından sonra “Qəbələ” 100-cü – yubiley matçını keçirəcək. İndiyədək 99 qarşılaşmada komandaya rəhbərlik edən Qriqorçuk üç turnirdə iş başında olub.
Bunların 65-i Premyer Liqa, 27-si Avropa Liqası, 7-si ölkə kubokuna təsadüf edib. Onun yetirmələri 46 qələbə qazanıb, 26 heç-heçə edib və 27 dəfə uduzub. 146 qolun sevincini yaşayan mütəxəssis 89 buraxılan qola üzülüb.
Xatırladaq ki, “Qəbələ” ötən mövsüm də kuboka dekabrın 3-də start vermişdi. Həmin gün 1/8 final mərhələsinin “Mil-Muğan”la oyununda “qırmızı-qaralar” 7 cavabsız qol vurmuşdu.
(klub saytı)
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı