Ölkə çempionatının XXVI turu çərçivəsində “Qarabağ”ı qəbul edəcək “Qəbələ” matçın hazırlığına hələ başlamayıb. Apasport.az saytının məlumatına görə, bu, “Zirə” ilə görüşdən sonra komandaya 2 günlük istirahətin verilməsi ilə əlaqədardı.
Futbolçuların psixoloji durumunun tam qaydaya düşməsini istəyən baş məşqçi Roman Qriqorçuk son oyundan dərhal sonra onları istirahətə buraxıb. “Qırmızı-qaralar” bu səbəbdən “Qarabağ”la matçın hazırlığına sabah start verəcəklər.
Vacib oyunöncəsi “Qəbələ”nin heyətlə bağlı problemi qalmayıb. Aleksey Qay və Rəşad Sadiqov zədələri ciddi olmadığından, məşqlərdə iştirak edə biləcəklər. Sarı vərəqə limitini doldurduğu üçün ötən tur meydana çıxmayan Rafael Santos isə cəzasını başa çatdırıb və sıraya dönüb.
Qeyd edək ki, martın 19-da baş tutacaq “Qəbələ” – “Qarabağ” görüşü saat 15:00-da start götürəcək.