[b]“Qəbələ”də Santosu Sadiqov əvəzlədi[/b]
27.10.2016 - 11:50
[b]“Qəbələ”də Santosu Sadiqov əvəzlədi[/b]

Topaz Premyer Liqasının X turunda “Neftçi”ni qəbul edəcək “Qəbələ” oyuna itkilərlə çıxacaq. Klubdan apasport.az saytına verilən məlumata görə, “qırmızı-qaralar”da zədəlilər cərgəsinə daha bir futbolçu qoşulub.

 

Söhbət Rafael Santosdan gedir. “Sumqayıt”la çempionat görüşündə (2:2) burnu qırılan braziliyalı müdafiəçi “Neftçi”yə qarşı oynaya bilməyəcək. Santos, həmçinin Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Sent-Etyen”lə Bakıda keçiriləcək matçı da buraxmalı olacaq.

 

“Qəbələ”nin digər futbolçularından Baqali Dabonun zədəli günləri davam edir. Nika Kvekveskirinin bu günlərdə sıraya dönəcəyi gözlənilsə də, həkimlər riskli olacağını düşünüb, gürcüstanlı yarımmüdafiəçiyə hələ icazə verməyiblər. Onunla yanaşı, digər zədəli Sergey Zenyov da həkim nəzarəti altındadı.

 

Əvəzində komandanın təcrübəli futbolçusu Rəşad Sadiqov sıraya dönüb. Komanda ilə məşqlərə başlayan 33 yaşlı yarımmüdafiəçi “Neftçi” ilə matça hazır olacaq. Baş məşqçi Roman Qriqorçuk şans verəcəyi təqdirdə, Rəşad “ağ-qaralar”a qarşı oynayacaq.

 

Sadiqovla yanaşı, Elvin Camalov da sıraya dönüb. Gənc futbolçu bu gündən kollektivlə məşqlərə qoşulacaq.

 

Qeyd edək ki, “Qəbələ” “Neftçi” ilə oktyabrın 29-da, “Sent-Etyen”lə isə noyabrın 3-də üz-üzə gələcək.