[b]“Qəbələ”də Subotiç müəmması: mövsümü bitirib?[/b]
17.04.2017 - 12:48
[b]“Qəbələ”də Subotiç müəmması: mövsümü bitirib?[/b]

Azərbaycan Premyer Liqasının XXVI turunda “Kəpəz”ə uduzaraq (0:2), çempionluq şansını tam itirən “Qəbələ” daha bir problemlə üzləşib. Apasport.az saytı xəbər verir ki, söhbət Daniel Subotiçlə bağlı müəmmalı durumdan gedir.

 

“Kəpəz”lə matçdan öncə məşqdə xəsarət alan isveçrəli futbolçunun zədəsinin ciddi olmadığı bildirilmişdi. Subotiçin Gəncədəki görüşə əsas heyətdə çıxmasa belə, adının “18-liy”ə salınacağı gözlənilirdi. Lakin oyun günü baş tutan növbəti tibbi müayinə 28 yaşlı forvardın durumunun yaxşı olmadığını üzə çıxarıb. Həkimlər Subotiçə 2 gün məşq etməməyi tapşırıblar.

 

Sabah təcrübəli futbolçu növbəti dəfə müayinə olunacaq. Həkimlər dizindən xəsarət alan Subotiçin zədəsinin ciddi ola biləcəyini istisna etmirlər. Ehtimallar özünü doğrultsa, “Qəbələ”nin “31 nömrəsi” mövsümü vaxtından əvvəl bitirmiş olacaq.

 

“Qəbələ”nin digər futbolçusu Vitali Vernidub zədəsini sağaltmaqla məşğul olduğu halda, Elvin Camalov tam olaraq, sıraya dönüb. Gənc yarımmüdafiəçinin ölkə çempionatının XXVII turunda “İnter”ə qarşı oynamaq ehtimalı az deyil.