“Çətin oyun olacağını gözləyirdik. Çünki çox güclü rəqiblə qarşılaşırdıq”. Apasport.az saytının məlumatına görə, bunu “Yagelloniya”nın yarımmüdafiəçisi Taras Romançuk deyib.
Avropa Liqasının II təsnifat mərhələsinin ilk matçında “Qəbələ”nin qonağı olan Polşa təmsilçisi evə 1:1 hesablı bərabərliklə dönüb.
“Yagelloniya”nın yeganə qolunun müəllifi olan ukraynalı futbolçu havanın isti olmasından şikayətlənib: “Bu gün “Qəbələ” çox yaxşı oyun keçirdi. Bu cür futbolçulara qarşı təkbətək oynamaq asan deyil. Ancaq işimizin öhdəsindən gələ bildik. Bilirdik ki, “Qəbələ” ikinci hissədə bizi təəccübləndirmək istəyəcək. Ancaq biz də çalışdıq ki, buna imkan verməyək. Üstəlik, əsl bacarığımızı ortaya qoymaq üçün əlverişli mühit deyildi. Çünki hava çox isti idi. Rəqib isə bu havaya öyrəşib. Yəni belə havada oynamaq bizim üçün asan deyil. Hücumda dəqiq oynaya bilmədik. Amma növbəti görüşdə 2 qol vəziyyəti yaradıb, 2 qol vura bilərik. Hesab edirəm ki, ilk hissə ilə müqayisədə ikinci yarıda açıq futbol getdi”.
26 yaşlı oyunçu bir həftə sonra keçiriləcək cavab qarşılaşması barədə də fikir bildirib: “Polşaya sakit qayıdırıq. Qollu bərabərlik yaxşı nəticədi. Cavab görüşündə də rəqibə hörmətlə yanaşacağıq. Evdəki qarşılaşmaya daha çox konsentrasiya olmalı və imkanlardan istifadə etməliyik. Çünki Avropa Liqasında mübarizə aparırıq. Bugünkü kimi oynasaq, uğurlu çıxışımız davam edər”.