Topaz Premyer Liqasının XXVII turunda AZAL-a (1:2) məğlub olan “Qəbələ” vaxt itirmədən növbəti matçın hazırlığına başlayıb. Klubdan apasport.az saytına verilən məlumata görə, “təyyarəçilər”lə görüşü buraxan bir futbolçu artıq sıraya qoşulub.
Söhbət estoniyalı yarımmüdafiəçi Sergey Zenyovdan gedir. Yığma komandasının Serbiya ilə yoldaşlıq görüşündə iştirak etdiyi üçün AZAL-la qarşılaşmanı buraxan Zenyov klubuna dönüb və kollektivlə birgə məşqlərdə iştirak edir.
Bununla belə, baş məşqçi Roman Qriqorçuk “İnter”lə həftəsonu keçiriləcək oyunda ideal heyəti meydana buraxa bilməyəcək. Çünki zədədən dönən Dodo hələ də tam hazır deyil. Fərdi məşqlərlə kifayətlənən braziliyalı yarımmüdafiəçi “İnter”lə görüşü də buraxacaq. Baş məşqçi yalnız XXIX turda “Sumqayıt”la səfər qarşılaşmasında “sambaçı”nın xidmətindən yararlana biləcək.
Qeyd edək ki, Topaz Premyer Liqasının XXVIII turu çərçivəsində baş tutacaq “Qəbələ” – “İnter” oyunu aprelin 3-də keçiriləcək.