[b]“Qəbələ”nin oyununda Riçard Almeydanı cəzalandıran hakim[/b]
26.09.2016 - 13:01
[b]“Qəbələ”nin oyununda Riçard Almeydanı cəzalandıran hakim[/b]

Avropa Liqasının qrup mərhələsinin sentyabrın 29-da keçiriləcək “Qəbələ” – “Maynts” oyununu idarə edəcək Gediminas Majeyka əvvəllər də Azərbaycan komandalarının matçlarına təyinat alıb. Apasport.az saytının məlumatına görə, 38 yaşlı referi beynəlxalq miqyaslı oyunlarda debütünü məhz təmsilçimizin matçında gerçəkləşdirib.

 

2007-ci ildə keçirilən “Birlik kuboku”na dəvət alan Majeyka yanvarın 21-də Azərbaycan çempionu - “Bakı”nın Qırğızıstanın “Dordoy-Dinamo” ilə görüşündə fit çalıb. Bu qarşılaşmada bakılılar 2:0 hesabı ilə qalib gəlib. Litvalı isə hər komandaya 1 sarı vərəqə göstərib.

 

Həmin vaxt FİFA hakimi olmayan Baltikyanı ölkə təmsilçisi 2008-ci ildən bu ada da layiq görülüb. Hazırda isə o, UEFA-nın 1-ci kateqoriyasına malik referidi.

 

2008-ci il sentyabrın 9-da isə Azərbaycan və Albaniyanın U-21 komandaları AVRO-2009-un seçmə oyununda üz-üzə gəlib. Qolsuz heç-heçə ilə nəticələnən matçın referisi meydan sahibi olan rəqibimizə 1 qırmızı və 3 sarı vərəqə verib. Yığmamız isə 5 xəbərdarlıqla cəzalanıb.

 

Onun Bakıya ilk səfəri isə ötən ilə təsadüf edib. Həmin vaxt litvalı Avropa Liqasının pley-offunda “Qarabağ”la “Yanq Boyz”u Respublika stadionuna çıxarıb. Ağdamlıların İsveçrə klubunu 3:0 hesabı ilə darmadağın etdiyi matçda hakim qonaqlara qırmızı vərəqə də verib, penalti ilə də cəzalandırıb. Onun göstərdiyi 4 satı vərəqədən də üçü isveçrəlilərə və yalnız biri təmsilçimizə göstərilib. Onun cəzalandırdığı “Qarabağ”lı isə Riçard Almeyda olub.