“Qəbələ” evdəki məğlubiyyətsiz oyunlar seriyasını 16-ya çatdırıb. Apasport.az saytının məlumatına görə, cari mövsümdə öz meydanında xalsız qalmayan Roman Qriqorçukun yetirmələri çempionatın lideri “Qarabağ”ı 2 cavabsız qolla yenərək, zirvəni ələ keçirib.
Bu, əyalət klubunun cari mövsüm evdə keçirdiyi 12-ci oyunda 10-cu qələbəsi olub. Digər iki qarşılaşmada isə heç-heçə qeydə alınıb.
Öz meydanındakı yenilməzliyə ötən mövsüm başlayan “Qəbələ” həmin çempionatın son 4 ev matçında 2 qələbə qazanıb, 2 heç-heçə edib. Son məğlubiyyət isə “Qarabağ”la görüşə təsadüf edib. 2016-cı il martın 19-da Ağdam təmsilçisinə 1:2 hesabı ilə uduzan “qırmızı-qaralar” 11 ay ərzində evdə keçirdiyi 16 qarşılaşmada 12 qələbə qazanıb və 4 dəfə sülhə razılaşıb.
Qeyd edək ki, bu seriya “Qəbələ” tarixinin evdəki ən uzun məğlubiyyətsizliyidi.