Sabah Avropa Liqasındakı daha 2 təmsilçimiz - “Qəbələ” və “Neftçi” II təsnifat mərhələsinin cavab oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” Bakıda meydana ayaq basacaqları halda, “ağ-qaralar” Macarıstanda sınağa çıxacaqlar.
İlk mərhələdə “Samtredia”nı (5:1, 1:2) mübarizədən kənarlaşdıran “Qəbələ”nin Macarıstan səfərində çətinliklə üzləşəcəyi gözlənilirdi. Lakin Roman Qriqorçukun yetirmələri Budapeştdən də qələbə ilə qayıtmağı bacardılar və nəticədə cavab oyunu öncəsi üstünlük əldə etdilər. Təsadüfi deyil ki, növbəti mərhələyə adlamaq üçün Bakıdakı matçda “Qəbələ”yə 0:1 hesablı məğlubiyyət də bəs edir. Lakin “qırmızı-qaralar” reytinq xallarını artırmaq üçün yenə meydana qələbə üçün çıxmalıdılar. Yeni transferlər – Teo Uiks, Nika Kvekveskiri və David Ozobiç komandaya əlavə güc qatıblar. Xüsusilə, Uiksin çıxışını vurğulamaq lazımdı. İlk mərhələdə 4 qol vuran liberiyalı futbolçu Macarıstanda səssiz qalsa da, bu dəfə meydanı qolla tərk edə bilər. “Qəbələ” MTK ilə sınaqdan üzüağ çıxacağı halda, “Lill”ə rəqib olacaq. Ötən mövsüm Avroliqanın qrup mərhələsində çıxış etmiş komandanın avrokubok təcrübəsi getdikcə artır və bu da bölgə təmsilçisinin oyununa müsbət təsir göstərir. “Qəbələ” meydana arxayın çıxmasa, MTK səddini keçməkdə çətinlik çəkməyəcək.
Digər təmsilçimiz “Neftçi” isə Makedoniyaya qolsuz bərabərliklə yollanıb. Əslində, bu nəticə “ağ-qaralar” üçün pis sayılmamalıdı. Düzdü, Vəli Qasımovun yetirmələri öz meydanlarında rəqibə qalib gələ bilmədilər. Lakin qeydə alınan nəticə “Neftçi”nin mərhələ adlamaq şansını azaltmır. Məsələ burasındadı ki, Makedoniyada istənilən qollu heç-heçə “Neftçi”nin işinə yarayacaq. Odu ki, bakılılar daha ağıllı və təmkinli oynamaqla, “Şkendiya”nı mübarizədən kənarlaşdıra bilərlər. Ev sahibləri qələbə qazanmağa borclu olduqları üçün hücuma daha çox atılacaqlar. “Neftçi” isə bundan məharətlə istifadə edib, rəqibi əks-hücumla cəzalandıra bilər. “Ağ-qaralar” hələ Bakıdakı görüşdə bir neçə belə imkan qazanmışdılar. Lakin həmin oyunda əks-hücumları məntiqi sonluğa çatdırmaq “Neftçi”nin futbolçularına nəsib olmamışdı.
Avropa Liqasının II təsnifat mərhələsi, cavab oyunları
21 iyul
21:00. “Qəbələ” (Azərbaycan) – MTK (Macarıstan)
Baş hakim: Mete Kalkavan
Baş hakimin köməkçiləri: Ceyhun Sesigözəl, Esat Sancaktar
Dördüncü hakim: Sərkan Çinar (hamısı Türkiyə)
Bakı. 8-ci km qəsəbə stadionu
İlk oyun - 2:1
22:00. “Şkendiya” (Makedoniya) – “Neftçi” (Azərbaycan)
Baş hakim: Erik Lambrekt
Baş hakimin köməkçiləri: Karel De Roker, Co de Veyrdt
Dördüncü hakim: Frederik Qeldhof (hamısı Belçika)
Skopye. “II Filip” stadionu
İlk oyun - 0:0
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA