“Maraqlı oyun oldu. Hər iki komanda ən yaxşı oyunlarından birini keçirdi”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Topaz Premyer Liqasının XXV turunda “Zirə”nin qonağı olan çempion son dəqiqə qolu sayəsində (2:1) qələbə qazanıb.
Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Qurbanov futbolçularını təbrik edib: “Rəqibə qarşıdakı oyunlarda uğurlar arzulayıram. Düzdü, bu komanda son vaxtlar o qədər də yaxşı nəticələr qazanmır. Ancaq düşünürəm ki, məğlub olduqları bir çox matçda yaxşı futbol sərgiləmişdilər. Bu cür hallar digər komandalarda da olur”.
- Bu oyunda bir neçə dəyişiklik etmişdiz...
- Elə də ciddi dəyişiklik etməmişdim. Miçelin zədəsi var idi. Rəşad Sadıqovun da belində zədəsi olduğundan, bu matçda şans vermədim.
- “Qəbələ” ilə son turda keçiriləcək görüşün Bakıda baş tutma ehtimalı var. Buna münasibətiniz necədi?
- Bu barədə mən də mətbuatdan oxumuşam. Evdə oynamaq “Qəbələ”nin haqqıdı. Qəbələdə oynamağın əleyhinə deyiləm. Mənim üçün fərqi yoxdu.
- Ramil Şeydayevi komandada saxlayacaqsız?
- Onun bizimlə müqavilə müddəti mayda başa çatacaq. Hələ ki, danışıqlarımız olmayıb. Nə “Trabzonspor”la, nə də Ramillə bu barədə danışmışıq.