Sabah Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində keçiriləcək cavab görüşlərindən sonra ilk yarımfinalçılar müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə mərhələnin ən böyük maraq doğuran cütlüyü üz-üzə gələcək.
Öz meydanında qollu heç-heçə edən PSJ-nin İngiltərədə işi heç də asan olmayacaq. Fransızlar səfərdə qol vurmaq və qələbə qazanmaq məcburiyyətindədilər. Ən pis halda isə Loran Blanın komandası 2:2 hesabından daha qollu bərabərliyə nail olmalıdı.
Belə bir ərəfədə PSJ-nin səfərə ciddi itkilərlə yollanması ingilislər üçün əlavə üstünlükdü. Aparıcı futbolçular David Luiz və Bleyzi Matuidi cəza, Marko Verratti isə zədə ucbatından PSJ-yə kömək edə bilməyəcək. Kevin Trapp, Xavyer Pastore və Serge Aurierin iştirakı isə sual altındadı. “Şəhərlilər”də isə Fernando, Fabian Delf və Vinsen Kompani hələ də zədədən əziyyət çəkirlər. Premyer Liqada çempionluq şansını demək olar ki, itirən “Mançester Siti”yə ÇL-də yoluna davam etmək üçün evdə qol buraxmamaq yetərlidi.
Almaniyada gözlənilmədən məğlubiyyətə düçar olan “Real” “Volfsburq”dan bunun revanşını “Santyaqo Bernabeu”da almalıdı. Əks təqdirdə, “kral klubu” turnirlə vidalaşacaq. Madrid təmsilçisi öz meydanında qol buraxmamaq şərti ilə rəqib qapısından 3 top keçirməlidi. Zinəddin Zidanın yetirmələri 1 qol buraxarsa, əvəzini 4 topla çıxmaq məcburiyyətində qalacaqlar. “Real”da fransalı futbolçular Kərim Benzema və Rafael Varan zədəlidilər. Müdafiəçinin qarşılaşmanı buraxacağı dəqiqdirsə, hücumçunun durumuna oyun saatında aydınlıq gələcək. Çətin səfər öncəsi Diter Hekkinqi ən çox narahat edən amil Sebastyan Yunqun zədəli olmasıdı.
Turnirin son qalibi “Barselona” öz meydanında 1 top fərqi ilə üstələdiyi digər ispan təmsilçisi “Atletiko” ilə səfərdə qarşılaşacaq. Primeronun son iki turunda məğlub olaraq madridlilərin fərqi 3 xala endirməsinə şərait yaradan Kataloniya klubu elə də yaxşı günlərini keçirmir. Bu isə “Atletiko”ya əlavə stimul verir. “Visente Kalderon”da 1 cavabsız qol “Atletiko”nu yarımfinala daşıya bilər. Ancaq son vaxtlar əla forma yığan Fernando Torresin ilk matçda qırmızı vərəqə alması Dieqo Simeonenin işini xeyli çətinləşdirir. Həmçinin, yarımmüdafiəçi Tiaqo da madridlilərə kömək edə bilməyəcək. “Barsa”nın yeganə itkisi isə mövsümü erkən qapayan Ceremi Matyudu.
Turnirin sürpriz komandası “Benfika” “Bavariya”ya da şok yaşatmaq əzmindədi. Almaniyada 0:1 hesabı ilə yenilən portuqaliyalılar doğma azarkeşləri önündəki görüşə ümidli çıxacaqlar. Ancaq məşqçilər korpusu Jonas Qonçalves, Julio Sezar, Nuno Santos və Luizaonun xidmətindən məhrum olacaq. Çoxdandı Jerom Boatenq və Holqer Badştuberdən yararlana bilməyən “Bavariya”da isə Aryen Robbenlə Medhi Benatia da görüşü buraxa bilər. “Pivəçilər”lə son mövsümünü keçirən Pep Qvardiola Almaniyanı Çempionlar Liqasının qalibi kimi tərk etmək niyyətindədi. Ancaq komanda bunun üçün öncə “qartal”ı sıradan çıxarmalıdı.
12 aprel
22:45. “Mançester Siti” (İngiltərə) – PSJ (Fransa)
Hakimlər: Karlos Velasko Karbalyo, Roberto Alonso, Xuan Yuste, Raul Kabanero
Əlavə köməkçi hakimlər: Jesus Gil Manzano, Karlos del Kerro (hamısı İspaniya)
Mançester. Şəhər stadionu
İlk oyun – 2:2
22:45. “Real” (İspaniya) – “Volfsburq” (Almaniya)
Hakimlər: Viktor Kaşşai, Qyorqi Rinq, Vensel Tot, İstvan Albert
Əlavə köməkçi hakimlər: Tamaş Boqnar, Adam Farkaş (hamısı Macasıtan)
Madrid. “Santyaqo Bernabeu” stadionu
İlk oyun – 0:2
13 aprel
22:45. “Atletiko” (İspaniya) – “Barselona” (İspaniya)
Hakimlər: Nikola Ritsoli, Elenito di Liberator, Mauro Tonolini, Canluka Kariolato
Əlavə köməkçi hakimlər: Luka Banti, Antonio Damato (hamısı İtaliya)
Madrid. “Visente Kalderon” stadionu
İlk oyun – 1:2
22:45. “Benfika” (Portuqaliya) – “Bavariya” (Almaniya)
Hakimlər: Byorn Kuypers, Sander van Rokel, Ervin Zeinstra, Mario Diks
Əlavə köməkçi hakimlər: Pol van Bokel, Riçard Lisveld (hamısı Hollandiya)
Lissabon. “Eştadiu da Luz” stadionu
İlk oyun – 0:1