[b]“Real”ın prezidentinə məktub yazacam” - Çingiz Abdullayev[/b]
19.01.2016 - 17:13
[b]“Real”ın prezidentinə məktub yazacam” - Çingiz Abdullayev[/b]

“Neftçi”yə gələn kimi qərara aldıq ki, birinci növbədə gənc futbolçular yetişdirməliyik. Çünki “Neftçi” Azərbaycanın brendidi və bu brendin adı altında daha çox azərbaycanlılar oynamalıdı. Yeni gələndə bu komandadan bir nəfər də milli komandada oynamırdı, indi 9 nəfər dəvət alır”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev deyib.

 

“Kulis.az” saytına geniş müsahibə verən məşhur yazıçı “Neftçi”dəki fəaliyyətindən də söhbət açıb.

 

O bildirib ki, digər klublardan təklif alsaydı, qəbul etməyəcəkdi: “Amma “Neftçi” bizim rəmzimizdi, buna görə də təklifi geri çevirmək olmazdı. İstəyirəm bir misal gətirim. Əlimdəki sənəd Madrid “Real”ının “Annual Report”udu, klubun prezidenti mənə məktubla bir yerdə göndərib. İndi mən ona məktub yazacam, məktuba da ispan və fransız dillərində olan kitablarımı əlavə edəcəm”.

 

Abdullayev paytaxt klubunda rəhbər vəzifəyə gətirilməsinin ölkə xaricində normal qarşılandığını söyləyib: “Uşaqlıqdan futbolu sevirəm. Çox adam soruşur ki, sənin futbola getməyə vaxtın var? Nəinki futbola, hətta məşqlərə də gedirəm. Adətən klub prezidentləri məşhur adamlar olur. Məşqçi olsaydım, beynəlxalq tədbirlərdə təəccüblənərdilər, axı Müşahidə Şurasının sədriyəm”.

 

Müşahidə Şurasının rəhbəri bir günlük proqramını da deyib. O, hər gün əvvəlcə Yazıçılar Birliyinə getdiyini bildirib: "Saat on birə yaxın dururam, Yazıçılar Birliyinə gedirəm. Orda iki saat oturandan sonra “Neftçi”yə gəlirəm. “Neftçi”də iki-üç saat oturandan sonra yenidən Yazıçılar Birliyinə qayıdıram. Orda da 5-ə kimi oturandan sonra tədbirlərə gedirəm. Tədbirlərsiz günüm olmur. Həftədə bir dəfə axşamlar “Neftçi”də qarşılaşma olur. Axşam evə gəlib 8, ya 9-da iki saat yatıram, sonra durub səhərə kimi işləyirəm; ya kitab yazıram, ya da oxuyurum, səhər 6-7-yə kimi”.