Polşanın “Ximik” voleybol klubunun baş məşqçisi Jakub Qlujak ölkəsinin mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Orlenliqanın qalibinin çalışdırıcısı bu gün Çempionlar Liqasının II turu çərçivəsində qarşılaşacaqları “Telekom”la oyundan danışıb.
- Bu gün qarşılaşacağınız “Telekom” haqda hansı məlumata maliksiz?
- Bu komanda legionerlərlə yerli oyunçuların sintezini təşkil edir. Əsas “altılıq”da 3 serb, 2 azərbaycanlı və 1 bolqar oynayır. Çoxları deyir ki, Bakı təmsilçisi qrupun ən zəif komandasıdı. Amma mən onlarla razı deyiləm. “Telekom”un güclü oyun üslubu var.
- Bu oyun üslubu nədən ibarətdi?
- Komandanın oyun sistemi hücumçu və 2 qəbuledicinin üzərində qurulub. Onlar, həmçinin zonalarda da güclü oynayırlar. Bizim vəzifəmiz rəqibin effektivliyini azaltmaqdı.
- Bunu necə etmək niyyətindəsiz?
- Fikrimcə, qələbənin açarı əks-hücumlardadı. “Telekom” çox güclü, dinamik hücum xəttinə malikdi. Bu üzdən də biz sistemli şəkildə blokda və müdafiədə çıxış etməliyik. Qazandığımız topları hücuma yönəltməliyik. Bu rəqibin təzyiqinin qarşısını almağa kömək etməlidi.
- Bu yolla “Telekom”un əsəbiləşib, səhvə yol verəcəyini düşünürsüz?
- Bəli. Onların çox oyunlarını izləmişəm. Dəfələrlə şahidi olmuşam ki, rəqib hücumların tempini artıranda, “Telekom” özünəinamı itirir və daha zəif oynamağa başlayır. Əsəblər və konsentrasiyanın itməsi onların mübarizəni dayandırmasına səbəb olur.
- Belə çıxır ki, Azərbaycan klubu əhval-ruhiyyə komandasıdı?
- Belə demək olar. Biz onları elə vəziyyətə gətirməliyik ki, sonra bundan yararlanıb qələbə qazana bilək.
- Rəqibin heyəti barədə nə deyə bilərsiz?
- Ötən il komandaya bir neçə voleybolçu gəlib. Əsas “altılığ”ın üzvləri isə Azərbaycan çempionatın təcrübəyə malik oyunçulardı. Amma onu da xüsusi qeyd edim ki, onların texniki zonasında Zoran Qayiç kimi təcrübəli məşqçi var. Bu isə oyunun gedişində taktiki gedişlərin edilməsinə təminatdı.
- Azərbaycan voleybolunun son illərdə gerilədiyini söyləmək olarmı?
- Əvvəlki ilə müqayisədə fərq çox böyükdü. Çempionatda da çox az komanda var. Hətta say düzəltmək üçün Gürcüstan komandasını dəvət ediblər. Dünyanın ən böyük ulduzlarının Azərbaycanda çıxış etdiyi vaxtlarda klublarda böyük pullar vardı. İndi isə cəmi 2 güclü komanda qalıb və onlardan da biri bizimlə eyni qrupdadı. Fikrimcə, bizim rəqib Polşanın digər təmsilçisi “Dobrova Qornitsa” ilə mübarizə aparan “Azərreyl”dən daha güclüdü. Məşqçilər korpusunda öz aramızda müzakirələr aparıb belə qərara gəlmişik ki, “Telekom” Polşa çempionatında çıxış etsəydi, ilk sıralarda qərarlaşıb, medallara iddiaçı olardı.
- “Telekom”un ilk turda “Konegliano”ya uduzmasını necə izah edərdiz?
- Çox qəribədi, həmin görüş “Telekom”un aşkar üstünlüyü ilə başladı. Bakı klubu inamlı və iddialı oynayırdı. Lakin sonra “Konegliano” vacib xallar qazanıb, oyunda dönüş yaratdı.