“Çernomoters”in əsas komandasına 16 yaşımda cəlb olunmuşam. Semyon Altman, Viktor Qrişko və İqor Nakoneçnının rəhbərliyi altında çıxış etmişəm, onlar mənə güvəniblər. Ancaq bu klubda ən yaxşı oyunlarımı Roman Qriqorçukun dönəmində keçirmişəm”. Apasport.az saytının məlumatına görə, bunu ukraynalı futbolçu Vitali Balaşov deyib.
Donetsk “Olimpik”inə yenicə transfer olunan 27 yaşlı hücumçu klubun rəsmi saytına müsahibəsində karyerası barədə danışıb. Yeddi il (2008-2015) şərəfini qoruduğu “Çernomorets”dəki çıxışına xüsusi yer verən Balaşov rəhbərliyi altında oynadığı ən güclü məşqçinin “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk olduğunu deyib.
Ukrayna gənclər millisinin sabiq üzvü Qriqorçukla bağlı maraqlı bir hadisəni də danışıb: “Qriqorçuk böyük mütəxəssisdi, birlikdə çalışdığım ən güclü məşqçidi. Ancaq bir dəfə “Şerif”lə yoxlama oyunundan sonra Qriqorçuk mənə qəzəbləndi və paltardəyişmə otağında üstümə qışqırıb dedi ki, səni icarəyə göndərəcəm. Nəticədə icarə əsasında “Qoverla”ya keçdim. Gənc yaşda heç nə qəbul etmədən səhərə qədər kafedə oturmağım mümkün idi. Özüm rejimimə nəzarət edirdim. Amma Qriqorçukun bundan xoşu gəlmirdi. Təcrübə topladıqca və səfərlərə yollandıqca bunu daha yaxşı başa düşürsünüz. Mən də bir neçə il əvvəl bunları dərk etdim. Futbolçular gərək gənc yaşda belə şeylərə fikir versinlər”.
Qeyd edək ki, Roman Qriqorçuk 2015-ci ildən “Qəbələ”ni çalışdırır.