Hakim Mahir Məmmədovun bu günlərdə sosial şəbəkədə paylaşdığı şəkil birmənalı qarşılanmadı. Apasport.az saytı xəbər verir ki, onun dollarla çəkdirdiyi şəkli çoxunun narazılığına səbəb oldu.
Futbol ictimaiyyəti arasında bunu normal qarşılayan da var, hakimi qınayan da. Bəs idman jurnalistləri bu barədə nə düşünürlər?
Əli Sahib (fanat.az saytının baş redaktoru): “Etiraf edim ki, şəkli görən kimi heç yazını oxuya bilmədim, 10 min dollar kredit borcu olan biri kimi, mənim də gözlərim işıqlandı, başım fırlandı. Hesab edirəm ki, indi hər bir azərbaycanlı dollar görəndə - fərqi yoxdu, sənindi, ya başqasının - onu qucaqlayıb saatlarla bu şəkildə qalmağı arzulayır. Mən də, siz də... İmkan verin, qardaşımız heç olmasa bir az sevinsin... Və burada kriminal nəsə axtarmağın yeri yoxdu. Bu, uzun bir həsrətin, türklər demiş, gidermesidi. Bu, sevincdi, xoşbəxtlik anıdı”.
Rəşad Ergün (komanda.az saytının baş redaktoru): “İstənilən şəxsin sosial şəbəkədə istənilən mövzuda fikir, foto paylaşımı etməsinə pis baxmıram. Məsələn, sabah mən də milli valyutamız olan manatla şəkil paylaşa bilərəm. Mahir Məmmədov dollarla olan fotonu paylaşmaqla, bəlkə də, son dövrlərdə dolların məzənnəsinə işarə etmək istəyib. Bir daha deyirəm, belə şeylərə normal yanaşıram. Fikir, söz demək azadlığına həmişə hörmət etmək lazımdı. O sözü hansısa hakim də deyə bilər, jurnalist də. İşin "əmma"sı ondadı ki, Azərbaycanda futbol hakimlərinə inam yoxdu. Bu inamsızlığın əsasını da vaxtı ilə Mahirin rəhbəri, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov kimilər qoyub. Elə həmin güvənsizliyə görə də, biz indi Məmmədovun dollarla olan fotosunu müzakirə edirik”.

Rəşad Qasımov (“Futbol+” qəzetinin əməkdaşı): “Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bir neçə dəfə mətbuata açıqlamasında hakimlərə sosial şəbəkələrdən istifadə etməməyi tövsiyə etdiyini bildirib. Görünür, yetirmələri onun məsləhətlərini, tövsiyələrini artıq qulaqardına vururlar. Mahirin dollarla şəkil paylaşmasına gəlincə, məncə, gənc hakim rəhbəri kimi, pula necə həris olduğunu, futbol ictimaiyyətinə “heç-heçəyə 15 dənə verirlər” təklifinə həmişə hazır olduğunu göstərmək istəyib. Şəkildə dolların əks olunması da ona hesablanıb ki, müraciət edənlər yalnız dollarla ödəniş etməlidilər”.
Hüseyn Cəbrayıloğlu (“Xəzər-Lənkəran”ın mətbuat xidmətinin rəhbəri): “Mahir Məmmədov vaxtilə klubumuzun oyunlarında hakimlər briqadasında yer alıb. İnsafən mədəni və qabiliyyətli insan təsiri bağışlayıb. Səhv etmirəmsə, bir dəfə mətbuata verdiyi müsahibədə demişdi ki, kumirim Elçin Məmmədovdu. O zaman mən də köşəmdə qeyd etmişdim ki, "evimiz yıxıldı, futbolumuz viran oldu. Əgər gənc hakimlər Elçin Məmmədova oxşamaq istəyirlərsə, ondan qaçaq gedək". Belə götürdükdə, hamı bilir ki, media nümayəndələri sosial şəbəkəni diqqətlə izləyir və bu mənada üzdə olan insanlar diqqətli davranmağa məcburdular. İndi hətta Media Komitəsi jurnalistlərə yazdığı statusa görə sarı vərəqə verir. Açığı, düşünürəm ki, hakimlər getdikcə daha qeyri-adi, gözlənilməz addımları ilə yadda qalacaqlar”.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı