[b]“Sevilya” “Xəzər Lənkəran”a "uduzdu"[/b]
18.05.2016 - 15:18
[b]“Sevilya” “Xəzər Lənkəran”a "uduzdu"[/b]

Bu gün Avropa Liqasının final matçında “Liverpul”la qarşılaşacaq “Sevilya” maraqlı nəticələri ilə diqqət çəkir. Apasport.az saytının məlumatına görə, ispaniyalılar uğurlu mövsüm keçirmələrinə baxmayaraq, “böyük beşlik” ölkələrinin ən zəif səfər komandasıdı.

 

La Liqada 19, Kral Kubokunda 4, Çempionlar Liqasının (ÇL) qrupunda 3, Avropa Liqasının (AL) isə qrupdan sonrakı mərhələlərində 4 səfər matçına çıxan Unai Emerinin komandası mövsüm ərzində ümumilikdə 30 dəfə qonaq qismində meydana çıxıb.

 

Maraqlıdı ki, ölkə çempionatını 7-ci pillədə başa vuraraq Avropa Liqasına vəsiqə əldə edən “Sevilya” buna səfər qələbəsi qazanmadan nail olub. Belə ki, “qırmızı-ağlar” ümumilikdə 52 xal toplayıblar ki, bunun yalnız 9-u səfər matçlarında əldə edilib. Yəni komanda 19 səfər qarşılaşmasının 9-da heç-heçə etməklə kifayətlənib.

 

Bu isə Avropanın “böyük beşlik” ölkələrindəki klublar arasında ən zəif göstəricidi. Almaniya Bundesliqasında “Hannover”lə “Ştutqart” 3, Fransa Liqa 1-də “Trua” 2, İngiltərə Premyer Liqasında “Aston Villa”, İtaliya A seriyasında isə “Verona” 1 səfər qələbəsi ilə kifayətlənib ki, adıçəkilən komandaların hamısı elitanı tərk edib.

 

Azərbaycan Premyer Liqasının ən zəif səfər komandaları olan “Xəzər Lənkəran” və “Rəvan” belə, “Sevilya”dan uğurlu çıxış ediblər. Sona 1 tur qalmış turnir cədvəlinin axırıncı pillələrində qərarlaşan hər iki komanda bu mövsüm aktivinə 1 səfər qələbəsi yazdıra bilib. Son turda “Rəvan”ın “Xəzər Lənkəran”ı qəbul edəcəyini nəzərə alsaq, cənublular bu göstəricilərini yaxşılaşdıra da bilərlər.

 

“Sevilya”nın səfər uğursuzluğu təkcə La Liqa ilə kifayətlənməyib. Çempionlar Liqasının qrupunu bu baxımdan qələbəsiz başa vuran komanda Avropa Liqasında da finala qədər 4 dəfə qonaq olub ki, bunun yalnız 1-də evinə qalibiyyətlə dönüb. Yeganə qələbə 1/4 final mərhələsində “Atletik” üzərində (2:1) qazanılıb.

 

Emerinin yetirmələri yalnız İspaniya Kral Kubokunda səfərdə uğurlu nəticələr göstəriblər. Bu yarşıda aktivində 3 qələbə olan “Sevilya”nın onlardan 2-ni aşağı liqa təmsilçisi üzərində qazandığını da unutmayaq.

 

Maraqlıdı ki, səfər tilsiminə baxmayaraq, əndəlusluların hələ 2 titul qazanmaq imkanları var. Belə ki, “Sevilya” Avropa Liqası ilə yanaşı, İspaniya Kral Kubokunda da finala qədər irəliləməyə nail olub. İspaniya təmsilçisi AL-in finalında “Liverpul”u məğlub edə bilsə, gələn mövsüm mübarizəyə ÇL-in qrupundan başlayacaq. “Liverpul”a uduzub, ölkə kubokunun finalında “Barselona”ya qalib gəlsələr, o zaman AL-in qrupunda iştirak hüququ əldə edəcəklər. Komanda hər iki finalda məğlub olsa, ən pis halda Avroliqanın III təsnifat mərhələsindən yarışa qoşulacaq.