“Sumqayıt” yeni antirekorda imza atıb. Apasport.az saytının məlumatına görə, “Gənclik şəhəri” təmsilçisi Azərbaycan kuboku tarixində özünün ən ağır məğlubiyyətini alıb.
1/4 finalın “Qarabağ”la ilk oyununda qapısından 6 cavabsız top buraxan sumqayıtlılar indiyədək bu yarışda belə biabır olmamışdı. Komandanın kubokdakı ən ağır məğlubiyyəti 3 top fərqi ilə qeydə alınmışdı. İki dəfə bu nəticəyə üzülən “Sumqayıt” həmin antirekordların cəmi – 6 top fərqilə darmadağına məruz qalıb.
Qeyd edək ki, komandanın buna qədərki ən ağır məğlubiyyətləri də “Qarabağ”la görüşlərə təsadüf etmişdi. 2011/12 mövsümündə 0:3, 2015/16-da isə 1:4 hesabına məyus olan sumqayıtlılar indi həmin yenilgilərə şükür edəcək vəziyyətlə üzləşib.