“Zirə” ilə oyundan sonra dedilər ki, xəbər edəcəyik. Dünən də məlum oldu ki, baş məşqçi bizi komandada görmək istəmir”. Bunu apasport.az saytına “Sumqayıt”dan göndərilən müdafiəçi Emin Mehdiyev deyib.
Topaz Premyer Liqasının geridə qalan 28 turundan sonra turnir cədvəlinin 8-ci pilləsində qərarlaşan “Sumqayıt” 24 yaşlı futbolçu ilə yanaşı, Uğur Pamuk və Tofiq Mikayılovla da yollarını ayırıb.
Mehdiyev “Sumqayıt”dan ayrılmasına təəssüflənmədiyini bildirib: “Baş məşqçi dedi ki, mənə lazım deyilsiz. Düzdü, hələ ətraflı danışmaq imkanımız olmayıb. Bu gün bazaya gedib söhbət edəcəm. “Sumqayıt”dan ayrılmaq dünyanın sonu deyil ki... “Sumqayıt” olmayacaq, ondan daha yaxşısına keçəcəm. Klubdan çox klub var. İki ay gözləməli olacam. Yəqin ki, klubsuz qalmaram”.
Mövsümdə Premyer Liqada 20 oyun keçirən sabiq “Neftçi”linin passivində 7 sarı, 2 qırmızı vərəqə var. O, çox güman ki, bu üzdən komandadan ayrıldığını söyləyib: “Etiraf edirəm ki, bu mövsüm həddindən artıq vərəqə almışam. “Neftçi”də oynadığım 4 il ərzində cəmi 1 qırmızı vərəqə almışdım. Amma bu dəfə vərəqə sayı çox oldu. Mən bunları bilərəkdən etməmişəm ki. Fikrimcə, elə bu səbəbdən mənim qalmağımı istəməyiblər. Bu, sırf baş məşqçinin qərarıdı, ona da hörmətlə yanaşıram”.
Qeyd edək ki, “Sumqayıt”a ötən yayda “Neftçi”dən keçən Emin Mehdiyevin klubla müqavilə müddəti mövsümün sonuna qədər idi.