“Sumqayıt”la qarşılaşmada əldə olunan 2:2 hesablı heç-heçə Kamerun yığması üçün yaxşı nəticədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri 23 yaşadək futbolçulardan ibarət Kamerun millisinin baş məşqçisi Riçard Tova deyib.
Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında Azərbaycan yığmasının rəqibi olan afrikalılar “Sumqayıt”la yoxlama matçı keçirib. 2:2 hesablı bərabərlik haqda fikirlərini bildirən çalışdırıcı yetirmələrindən razılığını ifadə edib: “Komandanın qarşısında mütləq qələbə qazanmaq kimi tapşırıq qoyulmamışdı. Ən vacib məsələ oyunçuların verilən tapşırıqların öhdəsindən necə gəlməsi idi. Bu mənada da yetirmələrimdən razı qaldım”.
Qeyd edək ki, “Sumqayıt”ın 2:0 hesabı ilə önə keçdiyi qarşılaşmada əzmkarlıq nümayiş etdirən qonaqlar bərabərliyə nail olub – 2:2.