Bu gün və sabah Azərbaycan çempionatının I divizionunda IX turun oyunları keçiriləcək. Hesabat turunun qarşılaşmalarından daha çox bu görüşlərə təyinat alan hakimlər diqqət mərkəzindədi.
Belə ki, Hakimlər Komitəsi tur üçün aşağı dəstəyə mövcud 3 FİFA referisindən ikisini və bir FİFA hakimliyinə namizəd yollayıb.
Adətən nüfuzlu hakimin aşağı dəstəyə göndərilməsi “sürgün”, “cəza” kimi yozulsa da, deyəsən bu dəfə vəziyyət fərqlidi. Çünki bu qədər “perspektiv”li hakimin eyni vaxtda səhv edərək cəzalandırılması ağlabatan deyil.
Görəsən, Hakimlər Komitəsini və onun qalmaqallı şefi Xəqani Məmmədovu nə vadar edib ki, birdən-birə I divizionun oyunlarında bu qədər “as” yollayıb?
Yada düşən digər variant hansısa prinsipial oyuna təcrübəli hakim təyinatı ola bilər. Bu, bəndənizin də ağlına gəlmişdi. Ancaq kiçicik bir araşdırmadan sonra bu ehtimal da əldən çıxdı.
Gəlin, birlikdə baxaq;
- “Mil-Muğan” – “Tovuz” oyununa Məmmədovun “sevimliləri”ndən FİFA dərəcəsinə namizəd Ömər Paşayev göndərilib. Meydan sahiblərinin aşkar autsayder, qonaqların isə turnir cədvəlində lider olduğundan heç bir prinsipiallıq və intriqadan söhbət gedə bilməz.
- Artıq FİFA kokardası gəzdirən Rəhim Həsənov da aşağı dəstədə iş başında olacaq. Həsənov MOİK – “Bakılı” görüşündə ədaləti təmin edəcək. Maraq üçün deyək ki, “hərbiçilər” 5-ci, “şəhərlilər” isə 10-cu pillədə qərarlaşdığından burda da heç bir güzəştsiz mübarizədən danışmağa dəyməz.
- Rəhim Həsənov kimi artıq FİFA dərəcəsinə sahib olan Orxan Məmmədov da I divizionda fit çalacaq. Məmmədov “Səbail” – “Şahdağ” oyununda əsas söz sahibi olacaq. Ənənəyə sadiq qalaraq, bu komandaların da turnir cədvəlindəki yerlərini qeyd edim: 3 və 8.
Əslində, bu cür təyinatlar yasaq deyil. Bütün hakimlər ölkədaxili yarışlarda idarəçilik qabiliyyətlərini göstərə bilərlər, ancaq başqa nüanslar da var.
Məsələn, dəfələrlə görmüşük ki, Topaz Premyer Liqasının oyunlarında hakim çatışmazlığı ucbatından eyni tur ərzində bu gün baş hakim olan sabah 4-cü, bu gün qapı arxası hakimi sabah əsas, və yaxud dördüncü hakim qapı arxası və s. məcburi yerdəyişmələr edilib. Səbəb kimi isə həmişə təcrübəli hakimlərin qıtlığı göstərilib.
İndi mən burdan Xəqani Məmmədova bir neçə sual ünvanlayım;
Əgər biz əlimizdə olan 3-5 təcrübəli hakimi də aşağı dəstədə işə yollayırıqsa, onda gənclər harda təcrübə yığsınlar?
Məgər, Orxanın, Ömərin, Rəhimin və digərlərinin elitadakı oyunları azlıqmı edir ki, onları bir də aşağılarda sınayırsız?
Cənab komitə sədri, yanlış anlamayın, bu bir iddia deyil, ancaq insan şübhələnməyə də bilmir. Bəlkə bu təyinatların arxasında əlavə qonorar marağı durur? Axı bu hakimləri hər kəs sizin “sevimliləriniz” olaraq bilir. Premyer Liqa oyununa kimi aradakı boşluqdan niyə də istifadə edilməyə?
Bu sualın cavabını sizin vicdanınıza buraxıram. Növbəti təyinatları isə maraqla gözləyirəm.
P.S. "Heçə-heçəyə 15 dənə verirlər"sə, görəsən təyinatlara nə qədər verirlər?
Zaur XUDİYEV