Çempionlar Liqasının 1/4 final mərhələsində “Barselona” ilə qarşılaşacaq “Roma”nın şansları elə də yüksək qiymətləndirilmir. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, “canavarlar”ın səfər performansı yerli futbol ictimaiyyətini bu cür düşünməyə vadar edir.
Aprelin 4-də “Nou Kamp”da keçiriləcək görüşə xüsusi yer verən İtaliya qəzetləri komandanın İspaniyadan uğurlu nəticə ilə dönəcəyinə inanmırlar. “Roma” Çempionlar Liqasında keçirdiyi son 13 səfər matçının cəmi 1-də qələbə qazanmağı bacarıb ki, o da bu mövsüm qrup mərhələsində “Qarabağ”la Bakıdakı oyuna təsadüf edir.
Bunu nəzərə alan italyanlar ən yaxşı halda heç-heçəyə ümid edirlər: “Roma” bu turnirdə əsl ev komandasıdı. 2010-cu ildə “Bazel” üzərindəki səfər qələbəsindən sonra növbəti qalibiyyət “Qarabağ”la matçda əldə olunub. Təbii ki, son 13 səfər arasında təkcə Bakıdan 3 xalla dönmək heç də uğur deyil. “Roma”nın axırıncı dəfə iddialı rəqiblərdən hansını səfərdə məğlub etməsini xatırlamırıq”.
Paytaxt təmsilçisi 2010-cu ildən bəri Çempionlar Liqasında müvafiq olaraq ÇFR (Rumıniya – 1:1), “Şaxtyor” (Ukrayna – 0:3), “Mançester Siti” (İngiltərə - 1:1), “Bavariya” (Almaniya – 0:2), MOİK (Rusiya – 1:1), BATE (Belarus – 2:3), “Bayer” (Almaniya – 4:4), “Barselona” (İspaniya – 1:6), “Real” (İspaniya – 0:2), “Çelsi” (İngiltərə - 3:3), “Atletiko” (İspaniya – 0:2) və “Şaxtyor”la (Ukrayna – 1:2) üz-üzə gəlib, bunların heç birində qələbə üzü görməyib.
Qeyd edək ki, ötən il sentyabrın 27-də Bakı Olimpiya Stadionunda baş tutan “Qarabağ” – “Roma” qarşılaşması qonaqların 2:1 hesablı qələbəsi ilə nəticələnib.