[b]“Tottenhem”in hansı futbolçuları “Qarabağ”la oyunu buraxacaq?[/b]
23.11.2015 - 11:44
[b]“Tottenhem”in hansı futbolçuları “Qarabağ”la oyunu buraxacaq?[/b]

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Tottenhem” itkilərlə üzləşib. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, London klubunun 3 futbolçusunun Bakıdakı görüşdə iştirakı sual altındadı.

 

Bunlar Nabil Bentaleb, Naser Çadli və Aleks Pritkarddı. Hər üç yarımmüdafiəçi son vaxtlar zədədən əziyyət çəkir. Premyer Liqanın XIII turunda “Vest Hem”lə qarşılaşmanı buraxan Bentaleb artıq kollektivlə birlikdə məşqlərdə iştirak edir. Baş məşqçi Maurisio Poçettino onu meydana buraxıb-buraxmayacağı ilə bağlı tərəddüd içindədi. Baş məşqçi “Qarabağ” və ya noyabrın 29-da üz-üzə gələcəkləri “Çelsi” ilə görüşə əlcəzairli futbolçunun yetişəcəyini söyləyib.

 

Ötən ay “Liverpul”la görüşdə topuq nahiyəsindən xəsarət alan Çadlinin 6 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilmişdi. Belçika millisinin üzvü artıq 6-cı həftədi ki, komandaya kömək edə bilmir. Onun da Bakıda iştirakı sual altındadı. Məşqçilər korpusu 26 yaşlı oyunçunu riskə atmaq istəmir.

 

İngiltərə U-21 yığmasının heyətində zədələnən Pritkard üçün isə 2015-ci il çoxdan bitib.

 

Zədəlilərin fonunda yarımmüdafiəçilər Erik Lamela və Musa Dembele artıq sıraya dönüblər və “Qarabağ”la görüşdə məşqçilər korpusunun ixtiyarında olacaqlar.

 

Qeyd edək ki, “Qarabağ” – “Tottenhem” oyunu noyabrın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və 22:00-da başlayacaq.