[b]“Trabzonspor” Ramil Şeydayevə komanda tapdı[/b]
21.01.2017 - 10:01
[b]“Trabzonspor” Ramil Şeydayevə komanda tapdı[/b]

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev mövsümün qalan hissəsini “Trabzonspor”da keçirməyəcək. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb Qara dəniz təmsilçisində legioner limitinin dolmasıdı.

 

Belə ki, dövrələrarası fasilədə Emmanuel Mas, Joao Pereyra, Karl Medyanini transfer edən trabzonlular “Akhisar”dan Uqo Rodalleqa və “Yuventus”dan ayrılan Martin Kasereslə də anlaşmağa çox yaxındılar. Belədə isə komandadakı əcnəbi oyunçuların sayı 15-ə yüksələcək. Ancaq Superliqa təmsilçisi maksimum 14 əcnəbinin adını Türkiyə Futbol Federasiyasına təqdim edə bilər.

 

Rəhbərlik isə bu problemi yoluna qoymaq üçün yola salacağı 2 əcnəbini müəyyənləşdirib. Bunlar Ramil Şeydayevlə toqolu müdafiəçi Serge Akpapodu. “Bordo-mavililər” hətta onlara yeni komanda da tapıb. Belə ki, “Trabzonspor” Ramil və Akpapoya mövsümün sonuna qədər icarə əsasında “Trabzon 1461”də oynamağı təklif edib. Futbolçular buna razılıq versələr, mövsümün qalan hissəsini I liqa təmsilçisində keçirəcəklər. Əks təqdirdə, rəhbərlik onlarla müqaviləyə xitam verməli olacaq.

 

Qeyd edək ki, Ramil Şeydayev “Trabzonspor”a mövsümlərarası fasilədə “Zenit”dən keçmişdi.