Dünən axşam “Trabzonspor” klubunun növbədənkənar iclası baş tutub. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, toplantıda klubun birinci dövrədəki çıxışı və transfer fəaliyyəti müzakirə olunub.
İdarə Heyətinin iclasına prezident Muharrem Usta və baş məşqçi Ərsun Yanal da qatılıblar. Çalışdırıcı qış fasiləsində transfer edilməsini istədiyi futbolçuların siyahısını rəhbərliyə təqdim edib. O, xüsusən də, müdafiənin və yarımmüdafiənin mərkəzinə, eləcə də, hücum xəttinə yeni oyunçuların alınmasını istəyib.
Toplantıda, həmçinin ilk dövrədə ümidləri doğrultmayan futbolçular da müəyyənləşib. Müzakirələrdən sonra qərara alınıb ki, Hyun Yun-Suk, Luis İbanez, Güray Vural, Muhammet Dəmir və Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə yollar ayrılsın.
Qeyd edək ki, “Trabzonspor”a yay fasiləsində “Zenit”dən keçən Ramil Şeydayevlə “Neftçi” yaxından maraqlanır.