Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin “Trabzonspor”dakı karyerası uzun sürməyə bilər. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “bordo-mavililər” gənc oyunçunu heyətdə saxlamağı düşünmürlər.
Baş məşqçi Ərsun Yanalın tələbi ilə yeni hücumçu axtarışına çıxan “Trabzonspor” “Aston Villa”nın oyunçusu Libor Kozakla danışıqlar aparır. Çexiyalı forvardı havayı heyətinə qatmağa hazırlaşan Qara dəniz təmsilçisi əvəzində Ramil Şeydayevi qış fasiləsində icarəyə vermək qərarına gəlib. Onun hələlik hansı komandaya keçəcəyi bəlli deyil. Bundan başqa, mövsümlərarası fasilədə “Porto”dan icarəyə götürülən cənubi koreyalı hücumçu Hyun-Yun Suk isə geri qaytarılacaq.
Qeyd edək ki, yay fasiləsində “Zenit”dən ayrılaraq “Trabzonspor”a keçən Ramil Şeydayev Superliqa klubunun heyətində nadir hallarda meydana çıxır.