Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin müqavilə ilə məxsus olduğu “Trabzonspor” klubu heyətində islahatlar aparmağa hazırlaşır. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “bordo-mavililər”, xüsusən də, əcnəbilərin sayını azaldacaq.
Belə ki, müqavilə ilə 53 futbolçuya sahib olan Qara dəniz təmsilçisinin hədəfi yeni mövsümə 24 nəfərlə başlamaqdı. İcarədə olan bir neçə yerli oyunçu ilə yollar ayrılacaq. İxtiyarında 11 əcnəbisi olan klub yeni transferlərə yol açmaq üçün bu sayı da azaldacaq.
Bu ilin yanvarında “Jilina”ya 1,5 illik icarəyə verilən Ramil Şeydayevin gələn mövsümü də Slovakiya klubunda keçirəcəyi dəqiqdi. Superliqa təmsilçisi 3 illik müqaviləsi qüvvədə olan 21 yaşlı forvardla birdəfəlik vidalaşmaq niyyətindədi. Məşqçilər korpusunun gələcək planlarına daxil olmayan oyunçu hazırkı komandası “Jilina”ya təklif ediləcək.
Qeyd edək ki, Ramil Şeydayev ötən ilin yayında “Zenit”dən ayrılaraq “Trabzonspor”a keçib.