Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində “Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!” istiqamətindəki qalib mövzusunu davam etdirir. “Futbol tariximizdə iz qoyanlar” adlı layihənin dördüncü yazısı Azərbaycan millisinin yaradılması, komandanın komplektləşdirilməsi və tarixinin ilk oyununa həsr olunur.
Qısa zamanda müsbət nəticələnən danışıq
SSRİ-nin dağılması nəticəsində 1991-cı il, oktyabr 18-də müstəqilliyini bərpa edən Azərbaycanda futbol üzrə yığma komandanın yaradılması şərt idi. Əks halda, Rusiya istedadlı azərbaycanlı futbolçuları öz millisinə cəlb edərək, onları mənimsəyəcəkdi. Bundan əlavə, Azərbaycanın UEFA və FİFA-ya üzv olan ölkələrin sırasına daxil edilməsi labüd idi. Üzvlük müraciətinin isə qəbul olunması üçün tez bir zamanda milli komandamız yaradılmalı və ilk oyununu keçirməli idi.
Çətin məqamda məsuliyyəti üzərinə götürən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının ilk prezidenti Fuad Musayev dərhal danışıqlara başlayır. Yoldaşlıq matçı keçirmək üçün ən münasib rəqib, şübhəsiz ki, qonşu ölkə olan Gürcüstan idi. Danışıqlar müsbət nəticələnir və yeni yaradılmış AFFA ilə Gürcüstan Futbol Federasiyası arasında yoldaşlıq oyununun keçirilməsinə dair razılıq əldə olunur.
“Nazim qatar gedə-gedə hoppanıb mindi”
Assosiasiyanın ilk prezidenti olmaqla yanaşı, uzun müddət AFFA-ya rəhbərlik etmiş Fuad Musayev həmin dövrü belə xatırlayır: “Gürcüstan Futbol Federasiyası ilə danışıb, razılıq aldım. Onlar öz millilərini artıq yaratmışdılar, çox güclü komandaları var idi. Nəyə görə Gürcüstanı seçdim? Birincisi, qonşu ölkədi. İkincisi, orda işləyənlər yoldaşlar idi, Aleksandr Çivadze və prezidentləri ilə yaxşı münasibətim var idi. Axı oyunun baş tutması üçün şərait yaratmaq, bizim millini qəbul etmək, yemək vermək, stadion ayırmaq lazım idi. Gürcüstan Futbol Federasiyası istəyimi yerinə yetirdi. Mənə protokol lazım idi ki, uşaqların oynamağı orda əks olunsun və həmin sənədi UEFA-ya göndərək. SSRİ dağılanda Rusiya bir çox keçmiş sovet ölkələrindən yaxşı futbolçuları öz millisinə aparırdı. Bizim uşaqları da aparmaq istəyirdilər. Buna imkan verməmək üçün təcili oyun keçirməli idik. Uşaqların çoxu onda Bakıda deyildi. Nazim Süleymanov Vladiqafqazın “Alaniya” komandasında, Vəli Qasımov Moskva “Dinamo”sunda oynayırdı. Şahin Diniyev və Vidadi Rzayev isə Qroznının “Terek” klubunda çıxış edirdilər. Bir sözlə, tez çağırdım onları. Necə oynamağımız mənim üçün maraqlı deyildi. Çünki milli komanda yeni qurulurdu. Əsas o idi ki, həmin görüşü keçirək. Yadımdadı, uşaqları vağzalda yığdıq, yerimiz-yurdumuz yox idi. Nazim qatar gedə-gedə hoppanıb mindi. Baş məşqçi Əhməd Ələsgərov idi. Getdik, oynadıq. Bu görüşün bizə çox faydası oldu”.
İlk kapitan, ilk qol, ilk penalti, ilk dubl
17 sentyabr, 1992-ci il. Gürcaani şəhərində yerli Gürcüstan yığması ilə Azərbaycan millisi arasında yoldaşlıq görüşü start götürür. Hesab yarım saatın tamamında ev sahiblərinin futbolçusu David Kizilaşvili tərəfindən açılır. Lakin gürcülər üstünlüklərini çox saxlaya bilmirlər. Fasiləyə 3 dəqiqə qalmış Nazim Süleymanov fərqlənərək, Azərbaycan yığmasının tarixində ilk qolun müəllifi olur. Tarixə həm də millinin ilk kapitanı kimi düşən Süleymanov fasilədən sonra daha 2 siftəni rəsmiləşdirir. Bu barədə bir qədər sonra.
İkinci hissədə Gürcüstan yığması təzyiqi artırır. Bunun məntiqi nəticəsi kimi, əvvəlcə Kizilaşvili dubl edir, daha sonra növbə ilə Daraseliya, Arveladze və Qoqiçaişvili fərqlənir. Vidadi Rzayev 77-ci dəqiqədə hesab arasındakı fərqi bir qədər azaltsa da, az sonra gürcülər Cişkariani ilə 6-cı qolu vururlar. Matçda yekun hesabı isə Nazim Süleymanov müəyyənləşdirir. Belə ki, oyunda 2 dəfə qapımıza penalti təyin edən gürcüstanlı hakim Quram Sepiaşvili 85-ci dəqiqədə həmvətənlərini cəzalandırır. Nəticədə şansı qaçırmayan Süleymanov millidə, həmçinin ilk penalti və ilk dublun müəllifi kimi tarixə düşür.
Matçın protokolu
Gürcüstan – Azərbaycan 6:3
Qollar: David Kizilaşvili, 30, 48; Georgi Daraseliya, 52; Şota Arveladze, 69; Kaxaber Qoqiçaişvili, 71 (pen.); Giya Cişkariani, 79 (pen.) – Nazim Süleymanov, 42, 85 (pen.); Vidadi Rzayev, 77
Gürcüstan: Akaki Devadze (David Canelidze, 75), Malxaz Arziani, Dmitri Kudinov, Kaxaber Sidamonidze (Georgi Nemsadze, 46), Giya Cişkariani, David Somaya, Georgi Daraseliya (Georgi Kinkladze, 53), Kaxaber Qoqiçaişvili (Mixail Kavelaşvili, 75), Revaz Arveladze, David Kizilaşvili, Şota Arveladze (David Canaşiya, 75)
Baş məşqçi: Anatoli Norakidze
Azərbaycan: Dmitri Kramarenko (Elxan Həsənov, 54), Aydın Ələkbərov (Vüqar İsmayılov, 54/Elman Sultanov, 76), Elşad Əhmədov, Tərlan Əhmədov, Zaur Qarayev, Emin Ağayev, Mahmud Qurbanov (Qurban Qurbanov, 46), Şahin Diniyev, Vidadi Rzayev, Nazim Süleymanov (k), Samir Ələkbərov (Kamil Bayramov, 70).
Baş məşqçi: Əhməd Ələsgərov
Hakim: Quram Sepiaşvili (Gürcüstan)
17 sentyabr 1992. Gürcaani. Şəhər stadionu, 3000 tamaşaçı.
1993-cü il, mayın 25-də isə Gürcüstanla növbəti yoldaşlıq görüşü keçirilir. Bu dəfə Gəncədə baş tutan qarşılaşmada millimiz rəqib futbolçu Lobjanidzenin avtoqolu sayəsində 1:0 hesablı qələbə qazanır.
“Millinin nə olduğunu hələ başa düşmürdük”
Tarixi matçın iştirakçısı olmuş Şahin Diniyev həmin görüşü xatırlamaqla yanaşı, Gürcüstan millisi ilə Gəncədə keçirilmiş matçı da yada salıb: “Terek”də oynayırdım, məni ordan yığmaya çağırdılar. Millinin nə olduğunu onda hələ başa düşmürdük, anlamırdıq. Yığma yeni yaranırdı. Bu mənada, ilk oyunda iştirak etmək və tarixə düşmək, doğrudan da, hər birimiz üçün böyük xoşbəxtlik idi. Dəvət etdilər, Qroznıdan qatarla gəldim. Elə Gürcüstana da qatarla yollandıq. O zaman mütləq birinci oyunu keçirmək lazım idi ki, UEFA bizi tanısın və onun üzvləri sırasına daxil olaq. Yadımdadı ki, Tiflisdə yox, Gürcaani adlı kiçik bir şəhərdə oynadıq. O vaxt Gürcüstanın bir çox futbolçuları artıq xaricdə oynayırdılar. Biz isə birinci dəfə yığışmışdıq, hərə bir yandan gəlmişdi, formalaşmış komandadan çox-çox uzaqda idik. Buna baxmayaraq, hamımız ürəklə oynadıq, hücumlar etdik. Ondan sonra Gəncədə Gürcüstan yığmasını qəbul etdik. 1:0 hesabı ilə qalib gəldik. Yadımdadı ki, həmin matçın ən yaxşısı seçildim. Buna görə 30 manat mükafat almışdım. Daha sonra İrana turnirə yollandıq. Bir sözlə, milli yeni-yeni formalaşırdı”.
“Qolu necə vurduğum yadımda deyil”
Şahin Diniyevlə birlikdə Qroznıdan Bakıya gələn Vidadi Rzayev də millinin ilk oyununu yada salıb. Maraqlıdı ki, tarixi görüşdə fərqlənən “Vidoş” qolu necə vurduğunu unudub: “Çətin dönəm idi, hamı səpələnmişdi. Azərbaycan çempionatı yeni-yeni təşkil olunurdu. Rəhbərlik sağ olsun, belə çətin işin öhdəsindən gəldilər, federasiya qurdular, milli komanda yaratdılar. Bunun özülünü həmin vaxt rəhbərlikdə olan insanlar, bir də biz futbolçular qoyduq. Çox sevinirdik. Çünki müstəqillik illərinin ilk matçı idi, belə də tarixə düşüb. İlk dəfə Azərbaycan bayrağı altında oyuna çıxırdıq. Həmin vaxt Qroznıda, “Terek”də oynayırdım. Şahin Diniyevlə eyni komandada idik, millinin düşərgəsinə də bir yerdə gəlmişdik. Qollardan birini mən vurdum. Amma qolu necə vurduğum yadımda deyil. Sonra onlarla Gəncədə oynadıq, 1:0 hesabı ilə qalib gəldik. Gürcüstan yığmasında da SSRİ dönəmindən qalan futbolçular çıxış edirdi. Gəncədəki matça da demək olar ki, eyni heyətlə çıxmışdılar. Çoxu Tiflis “Dinamo”sunun futbolçusu idi”.
“SSRİ yığmasında oynamışdım, o qədər həyəcanım yox idi”
Növbəti həmsöhbətimiz Gürcaanidə meydana əsas heyətdə çıxan futbolçulardan biri – Tərlan Əhmədovdu: “O vaxt UEFA və FİFA Azərbaycanı üzv kimi qəbul etmirdi. AFFA hələ o qədər də formalaşmamışdı. Amma Fuad Musayev bunun üstünə çox düşdü. Azərbaycanın UEFA-ya üzv qəbul edilməsi üçün uzun proses getdi. Birdən-birə dedilər ki, gedirik Gürcüstana. Çünki UEFA və FİFA-nın rəsmi tərəfdaşı kimi qəbul olunmağımız üçün rəsmi oyun keçirməliydik.
Mən onda Tovuzun “Turan” komandasında oynayırdım. Bizi ordan-burdan yığdılar, toplandıq və 10 günə yaxın “Neftçi”nin köhnə bazasında təlim-məşq toplanışı keçdik. Sonra qatarla yola düşüb, getdik Gürcüstana. Birinci oyunumuz idi, bundan əlavə, komanda üzvlərinin hərəsi bir klubdan gəlmişdi. Uzun illər bir yerdə oynamamışdıq. Onda çempionatımız yeni başlamışdı, klublarımız tam formalaşmamışdı. İlk dəfə millinin bayrağı altında meydana çıxmaq adamda böyük həyəcan yaradırdı. O vaxt mənim 21 yaşım tamam olmamışdı. SSRİ yığmasında oynamışdım, o qədər həyəcanım yox idi. Amma indiyə kimi yadımdadı, Azərbaycan yığmasında ilk matça çıxanda çox həyəcanlı idim. Gürcüstan yığmasının futbolçularının çoxu Rusiya çempionatında çıxış edirdi, bir neçəsi isə Almaniya çempionatında oynayırdı. Həmin görüşdə gürcülərə uduzduq. O da yadımdadı ki, Gürcaanidə meydança palçıqlı vəziyyətdə idi”.
“PUMA-nın formalarını geyinmişdik”
Əhmədov millinin ilk formasının hansı rənglərdə olduğunu unutmayıb: “Bildiyim qədərilə, yığmanın ilk oyununda PUMA-nın formalarını geyinmişdik. Mayka ağ, şortik göy rəngdə idi. Həmin forma heç birimizdə qalmayıb. Çünki o dövrdə formalar bizə verilmirdi. Onda federasiyanın elə də maddi imkanı yox idi. Yalnız 2003-cü ildən sonrakı bir neçə oyunun forması məndə qalıb”.
"Qabırğamı sındırdı"
Gürcüstan yığması ilə ikinci matçda millimiz qələbə qazansa da, oyun Əhmədov üçün yaxşı nəticələnməyib: “Gəncədəki görüşdə onları 1:0 hesabı ilə məğlub etdik. Həmin oyunun 20-ci dəqiqəsində rəqib futbolçu qabırğamı sındırdı. Bu 2 matç UEFA-ya qəbul olunmağımıza kömək etdi. Sizinlə danışdıqca hər iki görüş gözümün qabağına gəldi”.
“Gürcüstanda məşq etməyib, oyuna çıxdıq”
Mahmud Qurbanovun həmin vaxt 19 yaşı olsa da, baş məşqçi Əhməd Ələsgərov millinin ilk matçında ona start heyətində yer verib. “Professor” illər sonra tarixi matçı yada salaraq, müxtəlif məqamlara toxunub: “19 yaşım var idi, “Kəpəz”də oynayırdım. Rəhmətlik Əhməd müəllim məni millinin ilk oyununa dəvət etdi. Sözün düzü, bu dəvəti gözləmirdim. Ondan öncə isə Mingəçevirdə yığmanın, səhv etmirəmsə, 4 günlük təlim-məşq toplanışı olmuşdu, 40-a yaxın futbolçu çağırılmışdı. Həmin yoxlanışda mən də iştirak etmişdim. Bundan sonra Gürcüstanla oyuna dəvət alanda mənim üçün bir az təəccüblü oldu. Görünür, təlim-məşq toplanışında özümü yaxşı tərəfdən göstərmişdim ki, Əhməd Ələsgərov məni yığmanın oyununa dəvət etmişdi. Bakıda yığıldıq və qatarla yola çıxdıq. Oyun olan günün səhəri Tiflisə çatdıq. Sonra isə avtobusla Gürcaani şəhərinə yollandıq. “Obed” edib, dincəldikdən sonra oyuna çıxdıq, yəni orda məşq etmədik.
Məşqçi start heyətini deyəndə öz adımı eşitdim. Doğrudan da, mənim üçün gözlənilməz oldu. O vaxt SSRİ təzə dağılmışdı, yeni müstəqil olmuşduq və futbolçuların əksəriyyəti “Neftçi”, “Kəpəz”in heyətində SSRİ çempionatında çıxış etmişdilər. Düzdü, mən də o vaxt SSRİ çempionatında “Kəpəz”in heyətində idim. Cavan olmağıma baxmayaraq, komandada məşq edirdim. Amma bərkimiş, çətinliklərdən çıxmış, ustalıq səviyyəsi daha yüksək olan, üstəlik xaricdə oynayan futbolçularımız da milliyə dəvət almışdılar. Buna baxmayaraq, məşqçi mənə ilk oyundaca start heyətində yer verdi.
Yadımdadı, həmin vaxt yağış yağmışdı, yer palçıq idi. Gürcüstan da özünün ən yaxşı oyunçularını yığmışdı”.
“Həmin gün dünyada məndən xoşbəxt futbolçu ola bilməzdi”
Millinin ilk hissədə bərabərlik qolunda Mahmud Qurbanovun da payı olub: “İlk qolu onlar vurdular. Hesabda geri olanda mən uzaqdan zərbə vurdum, qapıçı qaytardı və Nazim Süleymanov təkrar zərbə ilə ilə topu qapıdan keçirdi. Birinci hissədən sonra niyə əvəz olunduğumu bilmirəm. Zəif oynamasam da, deyəsən, heç yaxşı da oynamamışdım (gülür). Bəlkə də, ona görə məşqçi məni əvəzləmişdi. Həm də yığmaya çox futbolçu çağırılmışdı, digərlərinə də şans vermək lazım idi. Həmin gün, bəlkə də, dünyada məndən xoşbəxt futbolçu ola bilməzdi. Düzdü, məğlub olduq, Gürcüstan yığması həmin vaxt güclü idi. Amma 19 yaşımda əsas millinin heyətində meydana çıxmaq əla idi. Gürcüstanla oyun həmişə yaddaşımda qalacaq.
“...onu da oyundan-oyuna geyinirdik”
Tərlan Əhmədovdan fərqli, “professor” millinin ilk formasının rənglərini unudub: “O vaxt bizdə forma saxlamaq çətin məsələ idi. Yığmanın bir forması var idi ki, onu da oyundan-oyuna geyinirdik. İndiki kimi mayka dəyişmək, hər hissəyə ayrı-ayrı formalarda çıxmaq yox idi. Açığı, yığmanın ilk formasının rənglərini unutmuşam (gülür)”.
“Çivadze və Şengeliyanı qonaqlıqda gördüm”
Qurbanovun sözlərinə görə, tarixi matçdan sonra gürcülər bizimkilərə qonaqlıq veriblər: “Oyundan sonra avtobusla Tiflisə getdik, orda həmin gün qatara mindik və Bakıya gəldik. Gürcüstan Futbol Federasiyası yolda bizə qonaqlıq verdi. Çivadze və Şengeliya kimi futbolçuları həmin vaxt canlı olaraq, qabaq-qabağa gördüm. Yemək yedikdən sonra yenidən yola düzəldik. Komanda Tiflisdən Bakıya gələndə mən Gəncədə düşdüm, çünki həmin vaxt orda yaşayırdım”.
Tengiz MƏMMƏDOV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir